Məhkəmədə vəkillər arasında mübahisə düşdü…

  • Müəllif: admin
  • 27 Dekabr 2016 12:25

1423748609_mehkeme-2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Dövlət Yol Polisi Bölməsinin növbətçi hissə rəisi İlqar İbrahimov bildirib ki, hadisə yerinə sonradan gəlib: “Dedilər ki, sürücü də xəsarət alıb aparıblar. Dərhal zərərçəkənə yaxınlaşdım. Anası və bir qız vardı. Vətəndaşlar da toplaşmışdı. Anası təcili yardım çağırılmasını istəyirdi. Gördüm ki, vəziyyəti ağıdır, dedim ki, onu tərpətmək olmaz. Təcili yardımı gözləmək lazımdır”.

Şahid təqsirləndirilən Rəhim Kərimovu tanımadığını bildirib.

Vəkillərin suallarına cavab verən şahid qeyd edib ki, 2001-ci ildən daxili işlər orqanlarında çalışır.

Vəkillər şahidin düzgün danışmadığını bildiriblər. Onlar hadisə zamanı olan səs yazısı və görüntülərin məhkəməyə təqdim olunmasını istəyiblər.

Hakim isə qeyd edib ki, hazırda şahidlərin dindirilməsi mərhələsi olduğundan kamera görüntülərinə baxılması ilə bağlı vəsatət baxılmamış saxlanılmalıdır.

Təqsirlədirilən şəxsin vəkili Orxan Əhmədov vəsatət verərək şahidin istintaqa verdiyi ifadənin elan olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə şahid qismində Muxtar Hüseynov vəkillərin suallarını cavablandırıb. O, bildirib ki, hadisə günü avtomobili Musa Mahmudov idarə edib: “Rəhim sürürdü. Sonra Musa sükana əyləşdi. O ayaqqabısız avtomobili idarə edirdi. Yolda olan zaman o ayaqqabılarını çıxarmışdı”.

Sonra təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov və zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Ceyhun Yusifov arasında mübahisə düşüb. Məhkəmə kollegiyası vəkilləri bir-birinin sözlərini kəsməməyə çağırıb.

Bundan sonra ittiham tərəfinin vəsatəti ilə şahidin istintaqa verdiyi ifadə elan olunub.

Şahid istintaqa verdiyi ifadəsində hadisənin Rəhim tərəfindən törədildiyini deyib.

Şahid isə istintaqa bu cür ifadə vermədiyini bildirib: “Mən orda ifadə verdim, yalnız ifadəmi oxumadan imzalamışam. Hətta Rəhimin vəkili Adil də ordaydı”.

Məhkəmə prosesi yanvarın 10-da davam edəcək.

Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub.

Hadisəni törədən şəxs Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovun oğludur.

Gununsesi.info