“Aİ-Ermənistan strateji sənədində anti-Azərbaycan terminlər narahatlıq doğurur” -DEPUTAT

“Avropa İttifaqı və Ermənistan arasında 2 dekabr tarixində qəbul edilən strateji gündəm sənədi 64 səhifədən ibarətdir və ikitərəfli münasibətlərin çərçivəsini aşaraq anti-Azərbaycan məzmunlu terminlərlə diqqət çəkir. Bu isə Azərbaycan üçün tamamilə qəbuledilməzdir”.

Gununsesi.infobildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Əgər söhbət yalnız Ermənistan–Avropa İttifaqı münasibətlərindən gedirsə, bu, Azərbaycan üçün məsələ yaratmır. Problem ondadır ki, sənəddə Azərbaycana aid olan, həm də açıq şəkildə anti-Azərbaycan mövqeyi əks etdirən terminlərdən istifadə olunub.

Bu terminlərdən biri də “Dağlıq Qarabağ” ifadəsinin rəsmi sənədə salınmasıdır. Halbuki Ermənistan özü artıq bu termindən istifadə etməyə cürət etmir. Belə olan halda Avropa İttifaqının rəsmi strateji sənədində bu ifadənin işlədilməsi ciddi narahatlıq doğurur. Bu, həm Aİ tərəfindən manipulyativ yanaşma, həm də Ermənistanın sülh gündəliyinə zidd addım atması kimi qiymətləndirilir”.

Deputat qeyd edib ki, sülh prosesinin həssas mərhələsində Ermənistanın belə məzmunlu sənədi Avropa İttifaqı ilə birlikdə qəbul etməsi suallar yaradır:

“Üstəlik sənədin qəbulunda Aİ-nin Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kossun iştirakı görüşün yüksək səviyyədə keçirildiyini göstərir.

Digər narahatedici məqam isə terrorçu Monte Melkonyanın adını daşıyan hərbi məktəbin Avropa İttifaqının təlim-tədris şəbəkəsinə daxil edilməsidir. Monte Melkonian beynəlxalq səviyyədə terrorçu kimi tanınır və Qarabağda insanlığa qarşı cinayətlər törətmiş şəxsdir. Bu addım Aİ-nin tərəfsizlik iddiaları ilə ziddiyyət təşkil edir və Azərbaycanda ciddi narazılıq doğurur”.

 

Qeyd edək ki, Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb.

Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.

Aİ-nin ali nümayəndəsi imzalanma mərasimindən sonra açıqlayıb ki, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq.

 

Şəbnəm

Gununsesi.info