“Avropa İttifaqının strateji gündəm sənədində “didərgin”, “erməni köçkünü”, “Dağlıq Qarabağ erməniləri” kimi terminlərin işlədilməsi həm siyasi, həm də beynəlxalq hüquq baxımından yersizdir”.
Gununsesi.infobildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Qaçqın və məcburi köçkün anlayışlarının bu cür səhv tətbiqi humanitar məsələ görüntüsü altında Azərbaycana qarşı yönəldilən təzyiq forması kimi qiymətləndirilə bilər. Avropa İttifaqı bu yanlış yanaşmadan çəkilməlidir.
Bu cür terminlərin işlədilməsi əslində Pandora qutusunun açılması deməkdir və nə Avropa İttifaqının, nə də Ermənistanın maraqlarına xidmət etmir. Çünki hazırda 300 mindən çox Qərbi Azərbaycan icması mövcuddur və onların da insan hüquqları, geri qayıtmaq məsələsi gündəmdədir. Bu mövzu heç vaxt gündəmdən çıxmayacaq. Ona görə də humanitar məsələ adı altında yalnız erməni icmasının maraqlarını qabartmaq və birtərəfli yanaşma sərgiləmək mümkün olmayacaq. Bu proses qarşılıqlı yanaşma tələb edir”.
Deputat qeyd edib ki, Avropa İttifaqının anti-Azərbaycan kampaniyasını humanitar ritorika ilə maskalama cəhdləri nəticə verməyəcək:
“Əgər Aİ regionda real geosiyasi mövcudluq istəyirsə, belə sənədlər və yanaşmalarla deyil, Azərbaycanla praqmatik və konstruktiv münasibətlər qurmaqla bunu edə bilər. Ultimativ və hegemon üslubdan imtina etməli, əməkdaşlıq dilini seçməlidirlər. Məhz bu yanaşma həm regionun sabitliyinə, həm də Aİ-nin öz maraqlarına uyğun olar”.
Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.
Aİ-nin ali nümayəndəsi imzalanma mərasimindən sonra açıqlayıb ki, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq.
Şəbnəm












