“Anam dedi ki, ay qızım, səni ərin heç belə axtarmır ki, o, yazıq oğlan axtarır…” - GÜLNARƏ QURBANOVA

  • By admin
  • 22 Yanvar 2017 12:08

gulnara qurbanova

1999-cu ilin mayın sonları-iyunun əvvəlləri idi.

Qarşıdan da növbəti (2-ci çağırış) parlament seçkiləri gəlirdi və bu baxımdan da, parlamentdə tez-tez iqtidar-müxalifət (mövqe, fikir) toqquşmaları baş verirdi.

O vaxt parlamentdə müxaliflərin birləşdiyi ikinci Demblok da Milli Məclisin iclaslarını boykot etmişdi və müxalifləri boykot qərarından daşındırmaq üçün də iqtidardan mərhum Anar Məmmədxanov (Allah qəni-qəni rəhmət etsin, çox açıq və demokratik fikirli insan idi), Demblokdan isə Sosial Ədalət Partiyasının (SƏP) sədri Mətləb Mütəllimli ilə YAP-dan yenicə AMİP-ə keçmiş Gülnarə Şıxəli qızı Qurbanova danışıqlar aparırdı. Həftənin də beşinci günü, iş həftəsinin sonu idi, baş redaktorumuzun müavini məndən aparılan danışıqlarla, vəziyyətin nə yerdə olması ilə bağlı Gülnarə xanımdan “525” üçün bir səhifəlik geniş müsahibə götürməyi tapşırmışdı və 5 dəqiqədən də bir otağımızın qapısını açaraq “Kamil, müsahibə nə oldu, öz şəklimi müsahibə yerinə qoyacağam, yoxsa, sənin şəklini?” – deyib, hirsli-hikkəli şəkildə soruşurdu və qapını çırpıb gedirdi. Canım az qala burnumdaydı, çırtma vurulsaydı, qanım tökülərdi, bax o vəziyyətdəydim.

Həm də Gülnarə xanımdan müsahibə götürmək və onu gecə də olsa yazıb təhvil vermək mənim üçün bir növ prinsip məsələsinə dönmüşdü. Hər 20-30 dəqiqədən də aramsız şəkildə gah Gülnarə xanımın mobil nömrəsinə zəng edirdim (təəssüf ki, hər dəfə də telefon sönülü vəziyyətdə olurdu), gah da ev nömrələrinə zəng vururdum və hər dəfə də yaşlı bir xanım “ay oğlum, vallah, Gülnarə xanım hələ gəlməyib, bir azdan zəng edin”-deyirdi. Sonradan bilmdim ki, sən demə həmin xanım da rəhmətlik Şıxəli müəllimin həyat yoldaşı, Gülnarə xanımın da anası imiş…

Nə isə…baş redaktorumuzun müavininin “qəzəbindən” qurtulmaq üçün arada fürsətdən istifadə edib iki-üç dənə də yazı yazdım, hətta, alternativ variant kimi o vaxt ADP-nin katibi olan və xətrini çox istədiyim Telman Orucovdan da müsahibə götürdüm. Bu minvalla saat axşam 7-yə qalmışacan ən azı 20 dəfə Gülnarə xanımın evinə zəng etdim və haradasa 7 radələrində nəhayət, Gülnarə xanım telefona özü cavab verəsi oldu. Özüm də çox əsəbi və yorğun idim, hiss etdim ki, Gülnarə xanım da yoğrun danışır. Tez salam-əleyk edib vaxt gözləmədən birbaşa müsahibəyə keçdim və təxminən 20 dəqiqəlik müsahibə götürdüm.

Elə sağollaşıb telefonun dəstəyini yerə qoymaq istəyirdim ki, birdən Gülnarə xanım “Kamil, bayaqdan məni arayan, soruşan siziymişsiniz?” – deyə, soruşdu. “Bəli, Gülnarə xanım, məniydim, nə olub ki?” – deyə, sual qarışıq cavab vermişdim ki, telefonu şaqqanaq səsi başına götürdü və yalançılar sözü olmasın, az qala bir dəqiqəyə yaxın davam etdi. Yerimdə donub qalmışdım, görəsən, nə oldu, nə xətaya yol verdim…

“Kamil, anam deyir ki, ay qızım, bayaqdan elə hey bir oğlan səni axtarır, hətta, hirslənir ki, Gülnarə xanım harda qaldı ey… Ay qızım, vallah səni ərin heç belə axtarmır ki, o, yazıq oğlan axtarır…”

Bunu demişdi ki, Gülnarə xanımın şaqqanağı mənim şaqqanağımın yanında yalançı oldu, otaqdakılar da dik atıldılar. Telefonda bir xeyli gülüşdükdən sonra Gülnarə xanımla sağollaşdım və müsahibəni yazıb təhvil verməyə başladım, haradasa da cəmi iki saata müsahibə hazır olub səhifəyə qoyuldu…

****

Yeri gəlmişkən, o zaman da jurnalistikamızın, jurnalistlərimizin, mediamızın durumu çətiniydi, hələ də senzura “kəsib-doğrayırdı”…Amma bununla belə, jurnalistikamızın, mediamızın çox şərəfli, çox peşəkar dövrü idi…Jurnalistləri(mizi)n ən azı 70-80 faizi peşəkarlar, fanatiklər idi…İndisə…

Kamil HƏMZƏOĞLU

Gununsesi.info