Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas çərşənbə axşamı bildirib ki, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini İrandakı müharibə zamanı təhlükəsiz tranziti təmin etmək üçün oraya hərbi gəmilər göndərməyə çağırdığı bir vaxtda Hörmüz boğazını açıq saxlamaq üçün diplomatik yollar tapılmalıdır.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib:
“Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil. Ərzaq, gübrə və enerji böhranlarının qarşısını almaq məqsədilə onu açıq saxlamaq üçün diplomatik yollar tapmalıyıq”.
Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bir sıra ölkələr müəyyən mənada tərəddüd edir:
“Xüsusilə Avropa ölkələri hesab edir ki, Yaxın Şərqdə gedən müharibə və İrana qarşı hərbi əməliyyatlar Avropa İttifaqının birbaşa məsuliyyətinə aid deyil. Bu, əsasən ABŞ ilə İsrail arasında gedən proses kimi qiymətləndirilir. Bu səbəbdən Avropa ölkələri həmin müharibədən və ABŞ-nin bölgədə apardığı əməliyyatlardan kənarda qalmağa çalışır.
Yaponiya isə məsələ ilə bağlı qərarın parlament təsdiqindən sonra veriləcəyini bildirir.
Hesab edilir ki, perspektivdə Böyük Britaniya, Almaniya və Fransa ABŞ-yə birbaşa hərbi yardım göstərməsə də, müəyyən formada dəstək verə bilər. Bununla belə, Hörmüz boğazı ilə bağlı məsələlərdə əsas rolun ABŞ və İsrail tərəfindən həyata keçirilməsi üçün kifayət qədər imkanların olduğu vurğulanır”.
O əlavə edib ki, Avropa ölkələri İranla danışıqlara üstünlük verir və hesab edir ki, diplomatik yol ilə gəmilərin boğazdan təhlükəsiz keçidi təmin oluna bilər:
“ABŞ prezidenti Donald Tramp isə bildirib ki, boğazdan ABŞ gəmilərinin istifadə payı çox aşağıdır, əsas istifadəçilər isə Avropa ölkələri, Çin və digər dövlətlərdir. Onun sözlərinə görə, boğazın blokadaya alınması daha çox həmin ölkələrə zərər vurur və neft qiymətlərinin artmasından da əsas ziyanı onlar görür. Bu baxımdan, müttəfiqlərin bu məsələdə dəstək verməsi vacib hesab olunur.
Donald Tramp həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi zamanı ABŞ hər zaman Ukraynanın yanında olub və ona müxtəlif formalarda dəstək verib. Lakin hazırda NATO çərçivəsində müttəfiqlərin Hörmüz boğazı məsələsində ABŞ ilə eyni mövqedən çıxış etmədiyi bildirilir.
Qeyd olunur ki, Yaxın Şərqdə əməliyyatlar başa çatdıqdan sonra ABŞ-nin həm Avropadakı müttəfiqlərinə təhlükəsizlik baxımından münasibəti, həm də NATO daxilində yanaşması dəyişə bilər”.
Şəbnəm












