Avropada yaşayan ilk Milli Qəhrəmanımız Qocalar Evində vəfat etdi

  • By admin
  • 30 Dekabr 2025 08:09

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev vəfat edib.

 

Gununsesi.info bildirir ki, Şahin Tağıyev uzun illər yaşadığı İsveçin Malmö şəhərindəki Qocalar Evində vəfat edib.

Qeyd edək ki, Şahin Talıb oğlu Tağıyev 3 fevral 1949-cu ildə Tərtər şəhərində anadan olmuşdur. Kiçik yaşlarından Bakıya köçmüş, Bakının Bülbülə qəsəbəsində böyümüşdür. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olmuşdur.

1988-ci ildən milli azadlıq hərəkatının iştirakçısı olmuşdur.  Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak etmişdir.

Azərbaycan Respublikası prezidentiƏbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Şahin Tağıyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Tağıyev bu ada layiq görülən ilk 4 nəfərdən biridir. “Qurtuluş” batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.

 

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunmuşdur.

Sonradan  Avropaya mühacirətə yollanan ömrünü İsveçdə başa vurdu.

Allah rəhmət eləsin!

 

Günay

Gununsesi.info

Gununsesi.info