Ayaz Mütəllibovdan prezident seçkiləri ilə bağlı bədbin proqnoz - "MÜƏYYƏN TƏHLÜKƏLƏR OLA BİLƏR"

  • By admin
  • 07 Fevral 2018 11:06

Xəbər verdiyimiz kimi, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Gununsesi.info xəbər verir ki, eks-prezident Ayaz Mütəllibov modern.az-a açıqlamasında növbədənkənar prezident seçkilərini şərh edib.

“2018-ci ilin 11 aprelində növbədənkənar prezident seçkilərinin keçirilməsini təqdirəlayiq hal hesab edirəm. Bu, çox ciddi addımdır. Bunun əsasında  xaricdən ölkəmizə müxtəlif proseslər ola bilər. Amma daxildəki qüvvələr haqqında danışmaq istəmirəm. Ancaq xaricdə vəziyyət yaxşı deyil. Bunun fonunda müəyyən təhlükələr ola bilər. Ona görə də seçkilərin apreldə baş tutması düşünülmüş addımdır”

Eks-prezident seçkilərdən sonra növbəti 7 ilə də nəzər salıb.

“Seçkilərdən sonra növbəti 7 il üçün Azərbaycan dövlətinin iqtisadi-siyasi məsələlərini müsbət görürəm. Hər zaman öz çıxışlarımda da demişəm ki, elə etməliyik ki, dünyada gedən və xoş olmayan proseslər bizə toxunmasın. Çalışmalıyıq ki, Azərbaycan dövlətinin maraqlarına xidmət edək. Bu baxımdan ölkə prezidentinin addımı bəyənilir və ali məqsədin zəruriliyindən irəli gələn qərardır. Şübhəsiz ki, dövlətçiliyin tərəfini tutan insan kimi bunu dəstəkləyirəm”.

Ayaz Mütəllibov həmçinin 2018-ci ildə mərhum eks prezidentlər Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illik yubileyinə də diqqət çəkib.

“Bütün Azərbaycan tarixinə daxil olan görkəmli adamlar “Cümhuriyyət ili”ndə öz əksini tapmalı və xalqımız onları unutmamalıdır. Mərhum prezidentimiz Heydər Əliyevin də bu il 95 illiyi olacaq. Bununla bağlı geniş miqyasda hazırlıqlar aparılmalıdır. Çünki Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiklərinin tayı-bərabəri yoxdur. Bu, danılmaz faktdır. Buna görə də daha yaxşı tədbirlər keçirilməlidir”.

Gununsesi.info