Azərbaycanda yenilik: Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edildi

  • By admin
  • 14 İyun 2016 14:46

Milli Majlis

 

Milli Məclis magistr və doktorantlara hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsini təsdiqləyib

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi layihəsinə baxılıb. Gununsesi.info xəbər verir ki, layihə haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Həmçinin, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

Qanuna təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır. Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycan Prezidenti qanunu imzaladıqdan sonra sənəd qüvvəyə minəcək.

 

Gununsesi.info