“Aztelekom”un sabiq baş direktorunun bağ evləri və mülklərinin siyahısı AÇIQLANDI

  • By admin
  • 25 Noyabr 2016 09:50

aztelekom

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədovun mülklərinin sayı məlum olub.

Gununsesi.info trend.az-a istinadən xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan yüksək rütbəli məmurları barəsində başlanmış cinayət işi ilə bağlı ittiham aktında qeyd olunur.

İş materiallarına əlavə edilmiş 26.11.2015-ci il tarixli xidməti məktubdan görünür ki, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsində işləmiş Məmmədov Məhəmməd Əsgər oğlunun və ailə üzvlərinin Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 2 bağ evi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı yeni tikilidə 14 saylı mənzili, Abşeron rayonu, Fatmayi kəndində 145 və 145a saylı bağ evləri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində yerləşən “Yurd” MTK-da 34 saylı mənzili və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ticarət obyektləri var.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən istintaqa daxil olmuş 06.11.2015-ci il tarixli 150220205080 №-li məktubda isə göstərilib ki, Məmmədov Məhəmməd Əsgər oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin 14-cü mənzili, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “BTRİB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 226 saylı bağ sahəsi var. Bununla yanaşı, M.Məmmədovun oğlu Məmmədzadə Araz Məhəmməd oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, qızı Məmmədova Şüküfə Sabir qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin 51 saylı mənzili var.

M.Məmmədovun digər qızı Məmmədova Şeyda Məhəmməd qızının adına Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin 31 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı qeyri-yaşayış sahəsi aşkarlanıb.

Sabiq baş direktorun digər oğlu Məmmədzadə Babək Məhəmməd oğlunun adına isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi, 145, 145a saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 117b saylı evin 34 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin 23 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi olması müəyyən edilib.

Gununsesi.info