Bakıda yollar yenə bağlanacaq - Avropa Gənclər Olimpiya Festivalına görə

  • By admin
  • 17 İyul 2019 21:51

 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə bağlı bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət tətbiq edəcək.

Gununsesi.org bildirir ki, bu barədə Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

Yarışların keçiriləcəyi müddətdə (21-27 iyulda) ancaq xüsusi icazəsi olan nəqliyyat vasitələrinin sarı zolaq (ayırıcı) ilə hərəkətinə icazə veriləcək. Qurum sürücülərə həmin zolaqla hərəkəti tövsiyə etmir.

Əsas magistrallarda sarı rəngli avtomobil zolağına videomüşahidə kameraları nəzarət etməlidir.

Müvafiq icazə olmadan həmin zolaqlardan istifadəyə görə, cərimə nəzərdə tutulur.

Yol polisi avtomobil sahiblərinə tövsiyə edir ki, yarışların keçirildiyi müddətdə süni tıxaclara və yollarda sıxlığa yol verilməməsindən ötrü ictimai nəqliyyatdan istifadə etsinlər.

Xatırlatma

“Bakı 2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 28-nə kimi Bakıda keçiriləcək.

Bu yarışlar çərçivəsində Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndənin gəlməsi gözlənir. Atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərməlidir.

Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq məqsədilə 1990-cı ildə irəli sürülüb.

Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.