Cənub bölgəsinin folkloru sistemli şəkildə öyrəniləcək

  • By admin
  • 13 Dekabr 2017 11:18

Lənkəran Dövlət Universiteti (LDU) ilə  AMEA-nın Folklor İnstitutu arasında  imzalanan  əməkdaşlıq müqaviləsi bu istəyi gerçəkləşdirməyə imkan yaradır.

LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın Gununsesi.info-ya verdiyi məlumata görə  Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Folklor İnstitutu  arasında bu günlərdə imzalanan əməkdaşlıq müqaviləsi cənub bölgəsi folklorunun elmi cəhətdən araşdırılmasına, tədqiqinə öz töhfələrini verəcək. Bu, tərəflərin qarşılıqlı fəlaiyyəti nəticəsində mümkün olacaq. LDU-nin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov arasında bağlanmış 5 illik müqaviləyə əsasən LDU Lənkəran-Astara bölgəsində folklor nümunələrinin toplanması və nəşrə hazırlanması  məqsədilə ekspedisiyalar təşkil etməli, toplanmış nümunələri pasportlaşdırmalı, folklorun yayılma arealını, regional xüsusiyyətlərini müəyyənləşdirməlidir. Müqaviləyə əsasən LDU Folklor İnstitutu əməkdaşlarının cənub bölgəsinə ekspedisiyalarının təşkilninə yardımçı olmağı da öhdəsinə götürüb. Birgə fəaliyyət planına uyğun olaraq, müştərək elmi seminarların, simpoziumların, konfransların keçirilməsi də qərara alınıb.

Müştərək  elmi tədqiqatların aparılmasının əsas məqsədi elmlə tədrisin inteqrasiyasına nail olmaqdır. Müqavilənin şərtlərinə uyğun olaraq Folklor İnstitutu folklor-etnoqrafiya laboratoriyasının yaradılması üçün LDU-ya metodiki və texniki köməklik göstərməlidir.

Xatırladaq ki,cənub bölgəsi ölkədə folklor nümunələrinin qədimliyi, zənginliyi və unikallığı ilə seçilir.

Esmira İsmayılova

LDU-nun mətbuat xidməti

Gununsesi.info