Despotizmin tüğyan etdiyi ölkənin iç üzü - FAKTLAR

  • Müəllif: admin
  • 23 Avqust 2017 09:40

simali koreya

Şimali Koreyada film çəkən tanınmış rus rejissoru, seçdiyi mövzular, maraqlı baxış bucağı ilə məşhurlaşmış Vitali Manski “The New Times” jurnalına verdiyi müsahibədə xatirələrini bölüşüb.

“Günəşin şüaları altında” sənədli filmi Şimali Koreya Xalq Respublikasının paytaxtı Pxenyanda çəkilib və səkkiz yaşlı Zin Minin həyatından bəhs edir.

Gununsesi.info həmin müsahibəni oxucularına təqdim edir.

Vitali Manski:

“Şimali Koreya məni həmişə maraqlandırıb, çünki “İnsanı necə əzmək olar? Ondakı əsas prinsipləri necə məhv eləmək olar? Niyə insan tabe olmağa hazırdı?” kimi suallar məni hər zaman narahat edib.

İlk tanışlıq səfərim 2013-cü ildə baş tutdu: mənə oranın necə gözəl ölkə olduğunu göstərdilər, axırda da qəhrəmanımı seçdim: məni nümunəvi bir məktəbə apardılar, direktorun kabinetinə beş balaca qız gətirdilər və dedilər: “Sizin beş dəqiqəniz var. Qızlarla tanış ola və xoşunuza gələni seçə bilərsiz”.
Sənədli filmin ssenarisi Uşaq İttifaqına, pionerə daxil olan qızdan bəhs eləyir. Mən Zin Mini seçdim. Çünki o, atasının jurnalist işlədiyini dedi. Mən də düşündüm ki, onun işi sayəsində haralarısa görə bilərəm. Anası haqqında isə dedi ki, zavod yeməkxanasında işləyir. Fikirləşdim ki, əladı, yeməkxana, insanlar yemək yeyirlər, bu da bir fakturadı. Zin Mi vağzal yaxınlığında, birotaqlı mənzildə anası, atası, nənəsi və babası ilə yaşayırdı.

Biz çəkiliş üçün gələndə ata möcüzəli şəkildə nümunəvi tikiş fabrikində mühəndisə çevrilmişdi, ana isə soya südü hazırlayan nümunəvi fabrikin əməkdaşına. Sonra da məlum oldu ki, onlar şəhərin düz mərkəzində yerləşən, pəncərəsindən fantastik mənzərə açılan möhtəşəm bir evdə yaşayırlar. Düzdü, evin parketini əvəz eləyən linoleum qayçı ilə kəsilib beton döşəmənin üzərinə sərilmişdi. Hətta plintusla döşəməyə bərkitməmişdilər belə. Mebel təzəcə gətirilmişdi, rəsmlər divara təzəcə asılmışdı. Mən şkafa baxmağa fürsət tapdım: o, boş idi, vannadan heç vaxt istifadə olunmamışdı, orda heç su da gəlmirdi. İşıq çəkilişlər zamanı yanırdı. Ümumiyyətlə, məndə belə bir hiss yarandı ki, binada heç kim yaşamır, lifti də filmin xatirinə işə salıblar. Amma bu binada, heç olmasa, üç blok açıq idi. Üzbəüz binanın isə- müşayiətçilərimin gözündən yayınmağa imkan tapanda oranı gəzdim- yerli-dibli girişi yox idi. Bununla belə axşamlar binanın pəncərələrində işıqlar yanırdı. Ancaq diqqətlə baxanda hamısında lampaların eyni olduğunu gördüm. Güman ki, hansısa sistem qurulmuşdu- axşamlar ümumi mənbədən işıq verilir və binada həyat olduğu təəssüratı yaradılırdı. Hərçənd orda heç kim yaşamırdı və bir dənə də girişi yox idi. Orda hər şey saxtaydı.

Ailə albomundakı şəkillər hansısa saxta bir fonda çəkilmişdi. Ya mebel salonunun fonunda çəkilmişdi, ya da jurnallardakı şəkillərə montaj edilmişdi. Mən həmin fotoları qəsdən filmin əvvəlində göstərirəm. Orda bir müddət yaşayandan sonra anladım ki, Pxenyan- başdan-ayağa Stalin, Brejnev dövrünün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisidi, şəhərin bütün sakinləri isə eskponatdılar.

Məsələn, hər yerdə yaşıl otlar var. Səhər saat altıda, ya da axşamlar işdən sonra üçqat əyilmiş adamlar orda pinsetlə alaqları qopardırlar. Yeri gəlmişkən, qəhrəmanımızın atasının, guya mühəndis işlədiyi nümunəvi tikiş fabrikində çəkiliş aparanda mən ayaqyoluna getmək istədim, ancaq qapını səhv saldım. Açdım və içəridə 150-ə yaxın çılpaq qadının duş aldığını gördüm. Gizlincə pəncərədən baxanda başa düşdüm ki, fabrikin ərazisində baraklar qurulub və fəhlələrin işə gəldiyi səhnə tamamilə saxtadı. Çünki onlar elə fabrikdə yaşayırlar.

Bir dəfə səs-küyə oyandım, pəncərəyə yaxınlaşdım və həddindən artıq fantastik bir mənzərə gördüm: səhər saat altıda bütün meydan, səkilər insanlarla doludu. Kimisi sallağı oturub, kimisi arxasını yerə qoyub, kimisi nəsə çeynəyir, kimisi yatır, kimisi uzanıb- onları növbəti mitinqin məşqləri üçün gətirmişdilər. Təbii ki, dərhal kameranı qapdım və pəncərədən çəkməyə başladım. İki-üç dəqiqədən sonra qapı döyüldü: mənim otağımın sağında və solunda qalan müşayiətçilərim idi. Dedilər ki, pəncərədən aralanın, istəyirsiz, sizi bir də bura buraxmayaq?

Pasportlarımızı əlimizdən almışdılar. Onsuz küçəyə çıxmaq yasaq idi. Ancaq bir-iki dəfə müşayiətçilərimizi aldadıb oteldən qaçmışdıq.

Bir-iki dəfə univermaqda oldum. Orda gülməli vəziyyətlə qarşılaşdım. Birinci dəfə o univermağa məni müşayiətçilərim aparmışdılar. Gəzdim, baxım, hər şey çox ucuz idi. Bu, ilk səfərimdə olmuşdu. Onda nə baş verdiyini anlamamışdım. Üstəlik əcnəbilərin Şimali Koreya pulu gəzdirməyə ixtiyarları yoxdu, ona görə də heç nə almaq mümkün deyildi. Ancaq sonra bir qədər pul tapdım və bir-iki suvenir almaqdan ötrü müşayiətçilərimlə birlikdə univermağa getdim. İçəri girdim. Orda bir yığın gülməli dəftərçələr vardı. Satıcıdan üç dəftərçə istədim. Cavab: “Siz onları ala bilməzsiz”. Sonra anladım: satıcılar, müştərilər, mallar… Ora əsl mağaza deyildi, sərgi idi.

Növbəti dəfə – təbii ki, müşayiətçilərlə birlikdə – ərzaq mağazasına girdik. İçəridə 15-20 adam vardı, yuxarıdan-aşağıya qədər bütün rəflərə pomidor şirəsi qutuları düzülmüşdü. Qiymətini soruşdum. Müşayiətçim ənənəvi şəkildə cavab verdi: “Sonra deyərik”. Mən: “Yox, indi tərcümə eləyin”. Satıcı uzun-uzadı nəsə danışdı. Müşayiətçim mənə: “Qiymət kağızlarını hələ gətirməyiblər”. Mən: “Yaxşı. Bəs keçən həftə pomidor şirəsi neçəyə idi?” O, satıcının cavabını tərcümə elədi: “Tomat şirəsi satılmır”.

Səhər yeməyini və naharı oteldə yeyirdik. Axşamlar, adətən, öz otaqlarımızda. Bir neçə dəfə səfirliyin mağazasından ərzaq almışdıq – konservləşdirilmiş sosiska-filan. Hərdən bizi valyuta ilə işləyən restorana aparırdılar: bir nahar-on avro. Baha deyil. Bizim üçün baha deyil. Bilirsiz, Pxenyanda 800 nəfər işçisi olan sənədli kino studiyasının baş ssenaristinin maaşı nə qədərdi? Onun maaşı ayda 75 sentə bərabərdi.

Filmdə bir səhnə var: bütün ailə- ana, ata və qız- üstü yeməklə dolu alçaq masanın ətrafına toplaşırlar. Əgər ölkədə bütün ərzaqlar talonla verilirsə, mağazalar sərgi salonlarıdısa, o yeməklər hardandı?
O yeməkləri bizim yanımızda sellofana bükülü halda gətirdilər, açdılar, masaya düzdülər. Adamlar onlara toxunmağa qorxurdular. Müşayiətçilər onlara “yeyin, yeyin” deyirdilər. Adamlarsa onlara baxırdılar: doğrudan, yemək olar?

Şimali Koreyanı görəndən sonra suallarım daha da çoxaldı. Ora gedəndə müəyyən fərziyyələrim vardı. Hər şeydən əvvəl fikirləşirdim ki, orda qorxu, təzyiq sistemi hökm sürür və insanlar öz içlərində hər şeyi dərk eləyirlər. Amma yaxından tanış olandan sonra gördüm ki, insanlar nəinki dərk eləmirlər, hətta bu barədə düşünmürlər belə…

Bir dəfə bir pələng təlimçisi ilə söhbət eləyirdim. O mənə başa saldı ki, pələng anadan olanda – sirkdə çıxış üçün nəzərdə tutulmuş pələng- ilk gündən elə tərbiyə edilir ki, pələng olduğunu bilmir. Yəni o böyüyür, caynaqları, dişləri, bığları uzanır, mırıldanır, nərildəyir, hoppanır, ancaq pələng olduğunu bilmir…
Bir nümunə göstərim. Metroda çəkiliş aparırdıq. Pxenyanda əcnəbi, yanında müşayiətçi olmadan metroya girə bilməz. Müşayiətçi ilə də yalnız iki stansiya gedə bilər. Yəni cəmi üç stansiyanı görmək imkanı var. Orda əcnəbilər üçün xüsusi marşrut var: metroya konkret stansiyada daxil olursan və konkret stansiyada ordan çıxırsan. Biz iki stansiyaya çəkilişi bitirə bilmədik və xahiş elədik ki, daha bir neçə stansiya getməyimizə icazə versinlər. Cavabında “qətiyyən olmaz” eşitdik. Bizə geri qayıdıb eyni stansiyalarda çəkməyi təklif elədilər. İzah elədim ki, geri qayıdanda vaqonda artıq başqa adamlar oturacaq. Müşayiətçilər bunun problem olmadığını dedilər və vaqondakı sərnişinlərə əmr elədilər: “Qalxın və o biri qatara keçin”. Bütün vaqon ayağa qalxdı və əks istiqamətə qayıdan vaqona keçdi. Səssiz-səmirsiz, müzakirəsiz.

Orda insanlar valideynləri, valideynlərinin valideynləri hansı şərtlərdə yaşayıblarsa, həmin şərtlərdə doğulurlar. Onlar başqa bir həyatın mövcudluğundan xəbərsizdilər. Heç yerə getmirlər, internetləri yoxdu. Mənə elə gəlir ki, onların içində artıq qorxu da yoxdu. Dəhşət ondadı ki, bu, hansısa başqa bir mərhələdi, qorxudan sonra gəlir. Bilirsiz, bir ölkəni ifşa və izah eləyən ən güclü şey onun televiziyasıdı. Təbii ki, Şimali Koreyada televiziya verilişlərini köçürmək qadağandı, amma biz özümüzlə xüsusi bir qurğu aparmışdıq: hər ehtimala qarşı sutkada 24 saat televiziya siqnalını sərt diskə yazırdıq. Deməli, orda cəmi iki kanal var. Reklam verilmir. Reklam fasilələrinin əvəzinə dahi rəhbərlər haqqında kliplər göstərilir. Kontent- ya rəhbərləri mədh eləyən verilişlər, ya da çuçxenin oxunması. Hətta bizim bildiyimiz xəbərlər proqramı da yoxdu.

Sevgi filmləri də yoxdu. Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib.

Onlar bilirlər ki, pis yaşayırlar, çünki Birləşmiş Ştatlar onlara qarşıdı. Uşaqların pionerə qəbul olunması səhnəsini çəkəndə müşayiətçilər bizə yeddi-səkkiz yaşlı, hərbi forma geyinmiş uşaqları göstərdilər və “onların valideynləri müharibədə həlak olub, onlar müharibə uşaqlarıdı” dedilər. Hansı müharibənin? Şimali Koreya axırıncı dəfə altmış il əvvəl müharibədə iştirak eləyib! Amma Ş.koreyalılar qəti əmindilər ki, hardasa müharibə gedir, Şimali Koreya ordusu ordadı, cəbhə xətti var, əsgərlər həlak olur, dahi rəhbər isə onların övladlarının qayğısına qalır. Onlar döyüşürlər, həqiqətən döyüşürlər.

Şimali Koreyada üç qəzet çıxır. Yeri gəlmişkən, onları ölkədən çıxartmaq və kağız kimi istifadə eləmək qadağandı. Hə, qəzetlərin hamısı eyni sxem üzrə nəşr olunur. Birinci səhifə- rəhbərin böyük şəkli və kiçik mətn. İkinci səhifə- rəhbərin dörd şəkli və onlara uyğun kiçik mətnlər. Üçüncü səhifə- rəhbərin səkkiz şəkli. Bir qayda olaraq, hansısa ümumi fotolar olur. Dördüncü səhifə – ölkədə baş verənlər, lap küncdə isə – dünyada baş verənlər. Güclə seçilən ağ-qara fotolarla verilmiş xırda mətnlər: üsyanlar, fəlakətlər, təyyarə qəzaları haqqında xəbərlər. O qəzetləri almaqdan ötrü hər gün köşklərin qabağında növbələr yaranır”.

Gununsesi.info