“Ehtiyac olmadığı halda xəstələrin TTY-la Bakıya gətirilməsinə icazə verilmir - BAŞ HƏKİM

  • By admin
  • 04 Noyabr 2016 13:22

 

tecili

“İstəyə  və xəstə sahiblərinin göstərişiylə  kiminsə Təcili Yardımla Bakıya gətirilməsi  mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir”.

Bu haqda Gununsesi.info-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov Zaqatalada rayon Mərkəzi Xəstəxanasından xəstənin Təcili Yardım maşınlari ilə Bakıya gətirilməsinə etiraz edilməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Baş həkim  qeyd edib ki,  xəstənin  respublikanın istənilən bölgəsindən  Bakıya gətirilməsi üçün vacib sənəd olmalıdır: “Bütün Təcili Yardım maşınlarına CPRS sistemi qoyulub və onların gediş-gəlişi barədə məlumat əldə olunur. Rayondan çıxarkən Təcili Yardım maşını bunun səbəbləri  haqqında da  məlumat verir-, deyə o bildirib.

M.Cəlalov qeyd edib ki, həqiqətən də xəstələrin  yaşadıqları bölgədən  Bakıya  gətirilməsi ilə bağlı qadağa qoyulması ilə bağlı tapşırıq verilib: “Ehtiyac olmadığı halda xəstələrin Təcili Yardımla rayondan Bakıya gətirilməsinə icazə verilmir. Regionlarda lazımi  avadanlıqlarla təchiz olunan xəstəxana varsa, orada çalışan həkimlər də  paytaxtda fəaliyyət göstərən həkimlərlə eyni institutda təhsil alıblar. Əvvəllər rayonlarda müasir avadanlıqlar yox idi. Amma bu gün bütün xəstəxanalarda lazımi avadanlıqlar var,  orada da böyük və uğurlu əməliyyatlar həyata keçirilir. Hansısa çətinlik olanda Bakıdan həkimlər, mütəxəssislər sanaviasiya xətti ilə yerlərə göndərilir. Bəzi hallarda xüsusi yardıma ehtiyacı olan xəstənin Bakıya gətirilməsi zəruri hesab olunur. Ağır vəziyyətdə olan xəstəyə yolda nəsə olacaqsa, buna görə kim cavab verəcək? Xəstə qohumları çox vaxt deyir ki, nəsə olsa bizlikdir, amma sonradan başqa hallar baş verir. Bundan əlavə, xəstənin vəziyyəti stabilləşmədən onun harasa  uzaq məsafədən  aparılması tirilməsi tibbi nöqteyi-nəzərdən də düzgün deyil”.

Baş həkim əlavə edib ki, rayonlardan xəstələrin Bakıya gətirilməsi zamanı yalnız müəyyən xəstəxanalar müəyyən edilib. İlkin olaraq rayondan gətirilən bütün xəstələrin Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini deyən M. Cəlalov vurğulayıb ki, bundan sonra onlar Klinik Tibbi Mərkəzə və ayrı-ayrı xəstəliklər üzrə xüsusiləşmiş institutlara aparılır.

Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir

Təcili yardımın özəl tibb müəssisələrinə xəstə aparmasına icazənin olmadığını deyən həkim qeyd edib ki, bu qayda əvvəldən olub, həmişə də bu formada icra edilib.

Gülnaz Qənbərli

Gununsesi.info