Ekoloji qanun pozuntuları ilə bağlı məhkəmələrə daha 6 iş göndərilib

  • By admin
  • 04 Noyabr 2016 12:15

eko

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən oktyabrın 16-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntularına görə 141 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 46 iş üzrə 46250 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 34 iş üzrə 46672.7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 167 iş üzrə 204427.17 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 19, icra qurumlarına 42, məhkəmələrə isə 6 iş göndərilib.

Gununsesi.info