“Ermənistan Rusiyadan addım-addım uzaqlaşmağa çalışır” -HƏRBİ ESKPERT

“KTMT üzvləri arasında ən kiçik dövlət Belarusdur. Azərbaycanın Belarusla hərbi-texniki əməkdaşlığının maliyyə həcmi bəzi illərdə Ermənistanın dövlət büdcəsi qədər olub. Belə olan halda Belarusun Azərbaycana qarşı hansısa hərbi fəaliyyətlərdə iştirak etməsi nə dərəcədə realdır? Eyni sözləri Qazaxıstan haqqında da demək olar. Daha əvvəl orada Özbəkistan və Gürcüstan da var idi”.

Bunu Gununsesi.info  -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Bu dövlətlərin hər biri ilə strateji tərəfdaşlıq haqqında müqavilələrimiz var. Bir çox sahələrdə kifayət qədər uğurlu əməkdaşlığımız mövcuddur. Ermənistan isə daim “bizi kim müdafiə edə bilər?”, “Azərbaycan torpaqlarını azad edərkən kim bizim yanımızda ola bilər?” məntiqi ilə müxtəlif müqavilələr imzalayırdı. Bu gün də vəziyyət eynidir.

Dünən də belə idi. Sadəcə, Ermənistan addım-addım Rusiyadan uzaqlaşmağa çalışır. Faktiki olaraq Ermənistan 2024-cü ildən KTMT-yə üzvlük haqqını ödəmir, təşkilatın iclaslarında iştirak etmir və bir neçə dəfə KTMT-ni özü üçün təhlükə hesab etdiyini bəyan edib.

Paşinyanın bununla bağlı açıqlaması var. Səhv etmirəmsə, həmin bəyanat 2024-cü ilin ortalarında verilmişdi. O vaxtdan bəri Paşinyan həmin sözləri yumşaldacaq və ya geri götürəcək hər hansı açıqlama veribmi? Xatırlamıram. Əksinə, Rusiya ilə münasibətlər getdikcə daha da pisləşir.

Lakin bunu birdən-birə etmək mümkün deyil. Qarşıda seçki var. Aydındır ki, burada Rusiyadan gələnlərin, həmin 100 minlik kontingentin təsiri, kiber müdaxilələr və digər məsələlər mövcuddur. Rusiyanın Ermənistanda hərbi bazası var. Həmin bazada bir əsgərin qondarma şəkildə yaralanması, ölkədə iğtişaşların baş verməsi, seçki komissiyalarının fəaliyyətinə müdaxilə edilməsi, saytların çökdürülməsi və buna bənzər hallar Ermənistan üçün bu gün real təhlükə hesab olunur”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info