Ermənistan tərəfə keçən qadın geri qaytarıldı

  • By admin
  • 10 İyun 2016 14:14

 serhed- tikanli meftiller

İyunun 7-də Ermənistan ərazisinə keçmiş azərbaycanlı qadın bu gün geri qaytarılıb.

Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Qətibə Ələkbərova bu gün saat 13.00 radələrində Ermənistan-Azərbaycan sərhəddində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Q.Ələkbərova Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.

BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməzdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.

Qeyd edək ki, Ələkbərova Qətibə İbrahim qızı bu il iyunun 7-də yolunu azaraq Ermənistan tərəfə keçmişdi. Onun psixoloji problemlərinin olduğu deyilir.
Gununsesi.info