Fransanın məşhur Monpelye universitetində təhsil alacaq 5 azərbaycanlı

  • By admin
  • 10 İyun 2016 14:07

telebelerr

 

Monpelye Universitetində təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub. Azərbaycan Dövlət İqtisad Universitetinin 5 tələbəsi Fransanın nüfuzlu Monpelye Universitetində təhsilini davam etdirəcək. Bu haqda Gununsesi.info-ya ADİU-nun mətbuat sözçüsü Vüsalə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Fransanın nüfuzlu Monpelye Universitetinin ikili diplom proqramını qazanan ilk tələbələrinin adı bəlli olub. UNEC-də I və II kurs təhsillərini uğurla başa vuran beş tələbəsi – Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alan Jeyla Balayeva, Sabir İbrahimov, Ülvi Dəmirli, Əlisafa Əlizadə və Sabah Qruplarının İqtisadiyyat ixtisasında təhsil alan Elşən Tağızadə Montpellier Universitetindən rəsmi dəvət alıblar. UNEC-lə Montpellier Universiteti arasında əldə edilən razılaşmaya görə, tələbələr III kurs təhsillərini Fransada alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra 4-cü kursdan təhsillərini UNEC-də davam etdirəcəklər. Monpelye Universitetinə dəvət məktubu alan tələbələr UNEC-in Fransada ilk elçiləri və təmsilçiləri olaraq Monpelye Universitetinin diplomunu alacaqlar. Fransada təhsil aldığı müddət ərzində onlar Montpellier Universitetinin digər tələbələri ilə eyni statusa malik olmaqla yanaşı, tələbə kartına və bütün hüquqlara sahib olacaqlar. Xatırladaq ki, aprelin 6-da Fransada UNEC ilə Monpelye Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Razılaşmaya əsasən, hər iki universitetin tələbələri “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə UNEC və Montpellier Universitetinin diplomlarını əldə edəcəklər.

Gülnaz Qənbərli

 

telebeler