Xəbər verdiyimiz kimi, İranın Kəşfiyyat Nazirliyi yaydığı siyahıda AzTV-ni “İrana düşmən media qurumları” kimi təqdim edib və həmin media qurumları ilə əməkdaşlıq edən şəxslərin məsuliyyət daşıya biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, sözügedən məsələ Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb.
Xəbərə cavab olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bəyanat yayıb.
Bəyanatda deyilir:
“İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur. Heç şübhəsiz ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq”.
Məsələ ilə bağlı ictimai-siyasi şəxslər də münasibət bildirir.
Sabiq deputat Etibar Əliyev açıqlamasında bildirib ki, İranıj kəşfiyyatı güclü və ağıllı olsaydı, üzdə olan-qalan əksər generallarını və tanınmış nüvə fiziklərini evlərindəcə İsrail öldürməzdi:
“Ay İranın Kəşfiyyat Nazirliyi, kəşfiyyatınız güclü və ağıllı olsaydı, üzdə olan-qalan əksər generallarınızı və tanınmış nüvə fiziklərinizi evlərindəcə İsrail öldürməzdi. “Biz ictimaiyyət nümayəndələri AzTV-ni Azərbaycanın əleyhinə davamlı təbliğat aparan mürtəce deputatlarınıza və siyasətçilərinizə layiqli cavab vermədiyinə görə dəfələrlə tənqid etmişik”,-deyə o qeyd edib.
Elmar
Gununsesi.info












