
“Bu sahədə çox haqsızlıq görmüşəm və ona görə də istəmirəm oğlum müğənni olsun…”
Tanınmış müğənni Səyyad Əlizadə Moderator.az-a müsahibə verib.
Gununses.org həmin müsahibəni təqdim edir:
– Səyyad müəllim, neçə ildir ki, sənətdəsiniz?
– Ümumiyyətlə, birinci sinifdən, yeddi yaşımdan səhnəyə çıxıram. Bilirsiniz ki, o vaxt məktəblərdə nəğmə dərsi olardı. Yeni il şənliyində bizim tar ifaçısı olan Yaşar adlı müəllimimiz var idi. O, bir-bir uşaqların səsini yoxlayırdı. Müəllimim də demişdi ki, Səyyadın yaxşı səsi var və onlar mənim də səsimi yoxladı. Allahverdi adlı tarix müəllimim vardı, həm də xanəndə idi, dedi ki, “a bala, sən elə müğənnisən də”. Çünki musiqi duyumum – filan hamısı yerində idi. Böyük bacımın da çox gözəl səsi olub. O, səkkizinci sinifdə oxuyanda onun səsini Azərbaycan Dövlət Radiosundan gəlib yazıb Bakıya gətirmişdilər. Sonra ailə qurduqdan sonra bu sənətdən uzaqlaşdı. Orta məktəbdə oxuyanda Qarabağda keçirilən mahnı festivalında qalib oldum. Onda münsiflər heyətinin sədri məşhur müğənni Ağabala Abdullayev idi. Sonra mən uşaq müğənni kimi yaşadığımız Füzuli rayonunda bütün tədbirlərə dəvət olunurdum. Amma həmişə arzum o idi ki, mühəndis olum, çünki müğənniliyin əlçatmaz olduğunu düşünürdüm. Onda Canəli Əkbərov, Əlibala Məmmədov kimi sənətkarları görəndə deyirdim ki, hər adam müğənni ola bilməz.
Elə oldu ki, Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olundum. İnstitutda ansambl fəaliyyət göstərirdi və sentyabr ayında ora yazılıb oxuyandan sonra çox bəyəndilər. O ansamblla biz bütün SSRİ-ni gəzdik. Onda Azərbaycanda “Oxu tar” müsabiqəsinin qalibi olduq. 1978-ci ildə isə yetmiş tələbinin içində “Xoş gördük, tələbə” müsabiqəsində üç nəfər namizəd seçdilər və onlardan biri də mən idim. Onda ilk dəfə efirə çıxdım. Artıq professional səhnədə 40 il olur ki, ifa edirəm. Böyük sənətkarımız Süleyman Ələsgərov konservatoriyaya çağırıb dedi ki, “oğlum, kimin tələbəsisən?”, Dedim ki, institutda tələbəyəm. Dedi ki, “sən mütləq musiqi təhsili almalısan”. Mənə iki kitab bağışladı. Sonra Azərbaycan Milli Konservatoriyasının vokal şöbəsinə daxil oldum və orda təhsilimi başa vurdum. 1987-ci ildə “Təbrizim”, 1990-cı ildə “Azərbaycanım mənim” adlı albomumu buraxdıq. 1993-cü ildə artıq janrımı dəyişdim. “Bəyaz gecələr” mahnısını yazmağa başladım. “Bəyaz gecələr” mahnısı mənim yaşantımdır. Mahnının mətnin bir neçə yerini özüm, davamını isə İlham Mirzəliyev adlı bir dostum yazdı.
– Bildiyimiz qədəriylə bunu həyat yoldaşınıza yazmısınız…
– Bəli, onda nişanlı idim və indi həmin xanım həyat yoldaşımdı. Mahnını da ona yazmışdım.

– Yaradıcılığınızda daha çox vətənpərvərlik mahnılarına üstünlük verirsiniz…
– Ümumiyyətlə, çox mütaliə edirəm. Bizim musiqi aləmində savadsızlıq baş alıb gedir. Yaxşı səsi olan müğənnilərimiz var, amma onların bir istiqaməti var. Təsəvvür edin ki, yüzlərlə bədii kitablar oxumuşam. Təfəkkürüm elədir ki, bayağı şeyləri qəbul etmirəm, vətən sevgisi məndə çox güclüdür. Hazırda qəhrəmanımız İbad Hüseynov haqqında mahnılar hazırlayırıq. Diskdə 13-14 mahnı olacaq. Burda məqsəd odur ki, gənclərimiz İ.Hüseynov, F.Əhmədov və M.İbrahimov kimi qəhrəmanlara baxıb nümunə götürsünlər. Bizim efirlərimiz o qədər başqalarını təbliğ edirlər ki, hamı onlara oxşamağa çalışır və bu isə biabırçılıqdır. Vətən oğulların çiynində vətəndir. Gərək canavar ürəkli oğullar olsun ki, vətən yaşasın.
– Gerçəkdən də sizi “Bəyaz gecələr” və “Gülçin” mahnıları daha çox məşhurlaşdırdı…
– Fikirlər fərqlidir. 1987-ci ildə “Təbrizim” albomu məni tanıtmışdı. Hətta Hollandiyaya qədər gedib çıxmışdıq. Amma təbii ki, “Bəyaz gecələr” məni dünyanın bir çox ölkələrində tanıtdı. Bu gün 30-dan çox ölkədə “Bəyaz gecələr” mahnısı Azərbaycan dilində oxunur. Bu artıq Azərbaycan musiqisinin böyüklüyüdür.
– Toylara getməyinizin də maraqlı tarixçəsi var…
– Yeniyetmə olanda gitaranı çox sevirdim. Hətta yaşadığımız Füzuli rayon Şıxbaba kəndində gitara ifa etməyi özüm öyrənmişəm. Bir gün bizim Allahverən müəllim məni toya apardı, qadın məclisi idi. Orda təzə bir mahnını sifariş verdilər, amma müəllimimiz bilmədi. Lakin mən təzə nə manhı çıxırdısa, hamısını öyrənirdim. Dedim ki, Allahverən müəllim, mahnını mən bilirəm. O, da dedi ki, “dur, ifa elə”. İfa edəndən sonra qonaqlar dedilər ki, ancaq Səyyad oxusun. (Gülür) Amma heç vaxt toya görə oxumamışam, amalım o olub ki, ancaq konsertlər verim, sənət göstərim. Məsələn, xarici ölkələrdə küçə musiqiçiləri toylara gedir, amma bizdə isə ən məşhur müğənnilər toyda ifa edir. Düşünürəm ki, müğənni daha çox konsertlər verməlidir. Bu günə kimi çox konsertlərim olub.
– Şıxbaba kəndinə gedib-gəlirsiniz?
– Bilirsiniz ki, ermənilər Füzuliyə hücum zamanı bizim kəndləri də işğal etmişdilər. Amma mərhum prezidentimiz Heydər Əliyev 1994-cü ilin yanvar ayında həmin kəndləri işğaldan azad etdirdi. Ermənilər kəndimizi xaraba qoymuşdular, sonradan bərpa etdik. O kənd ata yurdumdu, orda qardaşım yaşayır, gedib-gəlirəm. Mən o kəndə gedəndə atalı-analı günlərimi yaşayıram.
– Valideynlərinizi tez itirmisiniz?
– On beş yaşım olanda atam dünyasını dəyişdi, 2015-ci ildə də anamı itirdim.
– Səmimi olduğunuz qədər də ciddi adamsınız. Televiziya verilişlərində yemək bişirmək məsələsini bəyənmirsiniz və özünüz də iştirak etməkdən imtina edirsiniz…
– Birincisi, yemək bişirmək əlimdən gəlmir. Dostlarımdan yaxşı kabab, hətta dolma bişirənləri var. (Gülür) Mən ancaq yumurta bişirə bilərəm. Tələbə vaxtı ac qalmamaq üçün hər şey bişirərdim, amma sonradan hamısı yadımdan çıxdı. Qaldı ki, efirdə yemək bişirilən vaxta heyfim gəlir. Əslində o vaxtı başqa şeylərə sərf etmək lazımdır. İnsanların maariflənməsi, vətənpərvərlik mahnılarının təbliği və s. Ona görə də özümü belə yemək verilişlərində görmürəm.
– Sosial şəbəkədə varsınız?
– Əlbəttə, varam.
– Qırx ildir ki, səhnətdəsiniz, yaradıcılıq mərkəzinizin 15, “Bəyaz gecələr” ansamblınızın isə 25 yaşı tamam oldu. Bu günə kimi niyə sizə fəxri ad verilməyib?
– 2008-ci ildə Mədəniyyət Nazirliyinə fəxri adla bağlı müraciət etdim, amma 11 il keçsə də hələ ki, heç bir cavab verilməyib. Sovet dönəmində iyirmi il musiqidə olana əməkdar artist fəxri adı verirdilər. Otuz il musiqidə olana isə xalq artisti fəxri adı verirdilər. İndi isə heç onu gözləmirlər. Adam var bir il keçməmiş əməkdar artist fəxri adı alır və üç il sonra xalq artisti adına layiq görülür. Yəni belə çıxır ki, burda əsasən şəxsi münasibətlər rol oynayır. Hər kəs fəxri ad məsələsini məndən soruşur, amma bu öz əlimdə olan bir şey deyil. Bu günə kimi vətənimə, xalqıma xidmət etmişəm və bundan sonra da edəcəm.
– Divarlarda övladlarınızın sizə yazdığı yazıları görürük…
– Bunları yazan oğlum Atabəydir. Şəhla adında bir qızım ailəlidir. Atabəyin əkiz qardaşı Məhəmməd isə iki yaşı olanda dünyasını dəyişdi. (Kövrəlir) Ümumiyyətlə, ailəmlə bağlı çox yerdə danışan deyiləm.
– Bir çox müğənnilər deyir ki, nə oğlum, nə də qızım istəmərəm müğənni olsun.
– Bizim sənətimiz çox çətindir və bu sahədə haqsızlıq da çoxdur. Ona görə də istəyirəm ki, oğlum yaxşı təhsil alıb işləsin. Bu sahədə o qədər haqsızlıq görmüşəm ki, istəmirəm oğlum da əziyyət çəksin. Sənəti həyatından çox sevməlisən. İnstitutu bitirəndən sonra Kiyev şəhərində inşaat sahəsində işlədim, amma musiqisiz qala bilmədiyim üçün Bakıya qayıtdım. Hara getmişəmsə, musiqi mənimlə paralel olub. Sonra Bakı Metrotikinti İdarəsində işə qəbul olundum. O illərdə də Baba Mahmudoğlunun və “Araz” xalq ansamblında ifa etmişəm. 1990-cı ildən sırf musiqi ilə məşğul olmağa başladım.












