
Maraqlıdır, Bakı da daxil olmaqla Azərbaycanın bir çox bölgələrində qala adlarına diqqət yetirmişəm, üstünlük təşkil edən “Qız Qalası” adıdır. Tarixi, mifik şəxslərlə, coğrafi əlamətlərlə də bağlı qala adlarına rast gəlirəm, ancaq həqiqətən bilmək istəyirəm, bizdə qədimdən bəri qala inşa edəndə ilk olaraq niyə məhz qızları nəzərdə tuturlar?
Naxçıvanda Köhnə Qala adını xatırlayıram, Oğlanqala adında kənd də var, qondarma Babək Qalası, digər bölgələrdə “Gələsən-Görəsən (?) Qalası, Gülüstan Qalası, Mərdəkan Qalası, Əsgəran Qalası və s. Bu məmləkətdə heçmi Alimlər Qalası və yaxud Bilgə Kişilər Qalası olmayıb? Anlaşılır ki, qalaları çox vaxt müdafiə məqsədi ilə inşa ediblər, ancaq qızlar üçün məktəb açanlara nifrət edən, hətta 20-ci əsrin əvvəllərində böyük aydınımız Zeynəlabdin Tağıyevin açdığı qız məktəbinin qarşısında maneələr yaradan qaragüruhçu çoxluğun qızların, qadınların adı ilə qalaları şərəfləndirməsinin mənasını gerçəkdən anlamaq olmur.
Üstəlik Bakıdakı Qız Qalası ilə bağlı əsrlərdir dolaşan bədnam rəvayət də bizdə elə bir qürurverici yaddaş təzələmir. Rayonlarda, kəndlərdə, elə Bakının özündə də təhsildən uzaq qalmış, yaxud yarımçıq təhsil almağa məcbur olmuş qız övladlarımızı görəndə, gələcəyin ana obrazının natamamlığını daha çox hiss etməyə başlayırsan. İmkanım olsaydı hər bölgədə orta məktəblərlə yanaşı Xanım Qızlar Kursları şəbəkəsi yaradardım, ödənişsiz formada musiqi, sənət, peşə, xarici dil, etiket qaydaları, din bilgiləri aşılayan bir tədris proqramı üzrə hamısını məcburi qaydada təlim və təhsilə cəlb edərdim.
Təhsildən kənarda bir qız övladımızın belə qalmasına imkan verməzdim. Buna mane olan valideynlərin isə sərt şəkildə cəzalandırılmasının effektli formasını qanunvericilikdə müəyyən edərdim. Təhsili qız övladlarımız üçün əlçatan etmədikcə, qadına bu cəmiyyətdə əşya və ya nəsil artıqmaqdan başqa bir işə yaramayan bir məxluq kimi baxılmağa davam ediləcək. Bu qalalar qızlarımızın ağlını, zəkasını, insanlığını gizlətmək üçün nəzərdə tutulub məncə, qətiyyən onların şərəfini uca tutmaq üçün bu adları qalalara verməyiblər.
Qızlarımız üçün yalnız və yalnız Təhsil-Təlim Qalaları tikmək lazımdır, müstəqil düşünən, maddi baxımdan özü ayaqda dura bilən, hüququnu qoruya bilən, ailə sədaqətini vərdişlə deyil, zəkası ilə, əxlaqı ilə yaşadan Azərbaycan qadını məhz o qalalarda yetişəcəkdir.
Fazil Mustafa,
Millət vəkili
Gununsesi.info










