Firmalar xəstəxanaları bir-bir gəzərək öz dərmanlarını reklam edirlər - KOMİTƏ SƏDRİ

  • By admin
  • 26 Oktyabr 2016 15:10
ahliman-1 
“Firmaların satdığı bir sıra dərmanların reklamı zamanı ehtiyatlı olmaq lazımdır”.
 Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  komitənin bu gün keçirilən iclasında  “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  dərman  firmalarının satdığı bir sıra dərman preparatlarının istər  telekanallarda, istərsə də xəstəxanalarda   geniş təbliğatı ciddi problemlərə yol açır. “Ona görə də,  dərman preparatlarının reklamına ehtiyatla yanaşmaq lazımdır. Çünki bu gün  dərman firmaları xəsətəxana-xəstəxana gəzərək öz dərmanlarını reklam etməyə çalışır.  Həkimlərə hansı vasitə ilə yol taparaq, onları stimullaşdırmaq yolu ilə  həvəsləndirməyə çalışırlar. Bu da nəticədə xoşagəlməz hallara yol açır”- deyə, komitə sədri vurğulayıb.
Komitə sədri onu da əlavə edib ki, bu gün Avropa saytlarında  dərman preparatlarının reklamına az rast gəlinir: “Ancaq Rusiya saytlarında  dərmanla bağlı geniş reklamlar  yer alır. Bu da təhlükəlidir.  Bir də baxırsan bu mətbu orqanları yazır ki, xərçəngin, şəkərin və yaxud hansısa digər  ciddi bir xəstəliyin dərmanı tapılıb. İstifadə edin həmən bu xəstəlikdən xilas olacaqsınız. İnsanlar da buna inanaraq  dərmanlardan istifadə edir və nəticədə daha pis vəziyyətə düşürlər. Bu cür reklamlar ziyanlıdır və bundan qaçmaq lazımdır. Odur ki, dərmanların reklamında müəyyən çərçivələr olmalıdır”.
Mürtəza
Gununsesi.info