Gəncə terrorunda 2 gözünü itirən qadının dövlətdən gözləntisi var- FOTO

  • By admin
  • 03 İyun 2021 15:40

Ötən ilin oktyabrında Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində iki gözünü itirmiş 27 yaşlı Pərvin Qasımova dağılmış evlərinin dəyərində məbləğin onlara verilməsini, yaxud ailəsinin Bakı şəhərində mənzillə təmin edilməsini istəyir. 

Gununsesi.info xəbər verir ki, P. Qasımova bu barədə “Qafqazinfo”ya müraciət edib. O bildirib ki, Gəncədən Bakıya müalicə məqsədilə hər dəfə gedib-gəlmək onlar üçün çətin məsələdir:

“Hər şeyimi Gəncədə itirdiyimə görə ora qayıtmaq mənim üçün ağrılı məsələdir. İki gözümü itirdiyimə görə onsuz da Bakıda Zərifə Əliyeva klinikasında müalicə alıram. Bu günlərdə mövcud duruma görə 5 ildir evli olduğum həyat yoldaşımdan öz istəyimlə boşandım. İki qızım var, böyük qızım atasıyla birlikdə qalır, balaca qızım mənimlədir. Hazırda anamla birgə Bakıda qohumumuzun evində yaşayırıq”.

Raketin atıldığı günü xatırlayan P. Qasımova qeyd edib ki, həmin vaxt ata evinə valideyninin doğum gününü qeyd etmək üçün gedibmiş: “Partlayış zamanı anamla və iki qızımla birgə xəsarətlər aldım. Anamın gözlərinə şüşə doldu və kəsiklər, yaralar aldı. Böyük qızım psixoloji sarsıntılar keçirib. Kiçik qızım xırda cızıqlarla hadisədən qurtuldu. Mənim əlimin vətəri kəsildi, iki barmağımı çətinliklə idarə edirəm. Bədənimdə qəlpə qalıb, çənəmdə sınıq var. Burnumda qırıqlar var, dişlərimin bir çoxu qırılıb. Alnımdakı yaraları əməliyyat nəticəsində aradan qaldırıblar. Ən böyük zərəri isə gözlərimdən almışam və iki gözümü itirmişəm. Sağ gözümün bərpa olunmasına bir az ümid var, amma bunu zaman göstərəcək. Anam 130 manat pensiya alır, bu pulla dolanmaq bizim üçün çox çətindir. Mənə hələ ötən ay I qrup əlillik təyin edilib. Hələ bu aydan əlilliklə bağlı pensiyanı alacağam.

Pərvin Qasımovanın erməni terrorundan əvvəlki fotosu

Məlum hadisədən sonra mənim müalicə və əməliyyatlarıma Heydər Əliyev Fondu və  bir sıra şəxslər tərəfindən köməklik edildi. Bütün bunlara görə onlara minnətdaram. Ancaq dövlətimizdən və səlahiyyətli şəxslərdən xahiş edirik ki, bizim mənzilimizin dəyərini maddi şəkildə bizə qaytarsınlar, yaxud da Bakıda mənzillə təmin etsinlər. Mənzil atam Qasımov Nüsrəddin Cabbar oğlunun adınadır. Bizə bir müddət əvvəl Gəncədə ev tikmək üçün layihə təqdim olunmuşdu, ancaq vəziyyətimə görə ailəm bundan imtina etdi”.

“Qafqazinfo” sözügedən məsələylə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Komitədən sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşın Gəncə şəhəri Əziz Əliyev küçəsi, ev 136-da dağılmış mənzilinin sahəsi 400 kv.m-dir: “Qiymətləndirmə zamanı da həmin mənzil qəzalı şəkildə qiymətləndirilib. Vətəndaşın evinin ölçüsü nəzərə alınaraq ona komitə tərəfindən individual layihə təklif edilib. Həmin ailəyə evinin ölçüsündə birə-bir mənzil tikilməli idi. Vətəndaş əvvəlcə bununla razılaşıb, amma layihə hazır olduqdan sonra imtina edib. İmtina səbəbi də vətəndaşın evinin dəyərində Bakıda mənzil istəməsi, yaxud da mənzilin qiymətləndirilərək məbləğin ona ödənilməsidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il verdiyi sərəncama əsasən, müharibədə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Vətəndaş yerində evinin tikilməsindən imtina etdiyi halda sözügedən Dövlət Komissiyasına müraciət etməlidir.

Xatırladaq ki, Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Mənzillərə, obyektlərə, fərdi yaşayış sahələrinə ciddi ziyan dəyib.

Gununsesi.info