Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadasının ilk mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ilk turda Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində təhsil alan 1000 şagirdin İngilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılıb. Yüksək nəticə göstərmiş şagirdlər olimpiadanın ikinci turunda dinləmə və esse yazma qabiliyyətlərini nümayiş etdirəcəklər.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.
II İngilis dili Olimpiadası “ADA” Universitetinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Olimpiadanın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq və onlara İngilis dili üzrə bilik səviyyələrini artırmaları üçün tədris imkanları yaradılacaq.
Anar
Gununsesi.info