Folklor Institutunun Novruz bayramında qapıya papaq atmağı milli mentalitetə zidd hesab etməsi hamı kimi mənim də dodağımı qaçırtdı.
O qədər güldüm ki, heç Semaşkonun baş həkiminin müsahibəsinə bu qədər gülməmişdim. Allah ölənlərinə rəhmət eləsin, dirilərinə can sağlığı versin Atəş müəllim, əzizilərinin yolunu Azərbaycanın pulsuz xəstəxanalarından salmasın. Bir qığılcımla atəş yakdınız, fərqindəsizmi?
Ay pir olmuşun nəvəsi, bineyi qədimdən babalarımız qapıya papaq atmayıbmı? Dağ boyda kişilər, papağı sözün əsl mənasında qeyrət rəmzi sayanlar qədim Novruzun bu ənənəsinə zaman-zaman sadiq çıxıblar. İndi biz nə haqla buna qarşı çıxırıq başa düşmürəm? Xəbəriniz yoxdur ki, papaq çoxdan daşıdığı rəmzi mənanı itirib? Əminəm ki, var! Baxın, cəmi 5 gündən sonra Xocalıda qətlə yetirilən 613 nəfəri göz yaşları ilə anacaq, onların təhqir edilən meyidlərinə yekə-yekə münasibət bildirəcəyik, necə ki, bu gün gündəmi elə bu müzakirələr məşğul edir.
Fakt budur ki, Azərbaycanın coğrafi xəritəsindən silinən bir şəhər 25 oldir ki, bizim deyil. Amma biz papaq haqda hələ də ağzı köpüklənə-köpüklənə danışırıq. Eynən Xocalının işğal ilində eyni pafosla danışan keçmiş müdafiə naziri kimi. Onun başındakı buxara papaq yadınızdadır da yəqin? Mən yaxşı xatırlayıram. Əli təsbehli, dağdan ağır kişilər qoyardı o papağı başına. Amma biz Şuşanı itirəndə o papağa inamı da itirdik.
Buxara papağın sahibinin isə heç əvvəldən də başındakı papağa inamı olmayıb,buna qətiyyən şübhəniz olmasın. Papaq ona “papağın əzəli və əbədi funksiyası” nı yerinə yetirmək üçün lazımmış. Yəni, qoysun başına ki, soyuq dəyməsin deyə. Yoxsa onu öldürsən də papağı başından götürüb ayağına keçirməzdi. Deyəsən bilmirsiz hə, bu tarixçəni? O zaman danışım, qulaq asın.
Əslində biz də bu hadisəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan eşitmişik. Deməli, təxminən 1992-1993-cü illərdən bəhs edən video bu yaxınlarda ortalığa çıxıb. Videoda Ərdoğan təmsil etdiyi partiyanın funksioneri kimi Azərbaycana səfərindən və başına 100 min pul qoyulan Rəhim Qazıyev adlı mücahiddən bəhs edir. Ərdoğan deyir:
“Cəbhə bölgəsində olarkən Rəhim Qazıyevin ayağı üşüyür. O başındakı papağı götürüb ayağına keçirir. Düşmən elə zənn edir ki, bu Rəhim Qazıyevin başıdır. Ona görə də ayağına atəş açırlar, yaralanır, amma Allahın möcüzəsi sayəsində sağ qalır”.
Bu videonu şərh edən bizim mətbuat isə maraqlı bir araşdırma aparıb. Məlum olub ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevral ayına kimi Azərbaycanın müdafiə naziri olub. Ərdoğanın danışdığı hadisə isə 1992-ci ilin yanvar ayının 31-də Şuşada baş verib. Yəni, o zaman ki, Qazıyev hələ nazir deyilmiş. Hadisə Şuşanın müdafiəsində iştirak etmək üçün Bakıdan gedən 109 nəfərdən ibarət könüllünün məskunlaşdığı məktəbdə olub.
Sən demə, Emin Məmmədov adlı bir şəxs Bakıdan gedən döyüşçülərə atəş açıb, hadisə nəticəsində 8 nəfər yaralanıb. Rəhim Qazıyev də onların arasında olub. Bu günədək də həmin adamın bu hadisəni niyə törətdiyi bilinmir. Amma o hadisədən sonra deyilənlərə görə, Rəhim Qazıyev müdafiə naziri olub.Maraqlıdır deyilmi?
Yəni, başdan götürüb ayağa geyinilən papaq görün işə necə yaradı? Ona görə hörmətli Atəş müəllim, papağa elə ciddi əhəmiyyət verməyinizin tərəfdarı deyiləm. Yadınıza salın ki, rəhmətlik Ziya Bünyadovun başında həmişə papaq adına bir araqçın olardı. Səməd Vurğunun təbirincə desək , “başında bir kirli, bir əski təsək”.
Amma Ziya Bünyadov bu gün Azərbaycanda həm də qeyrət simvolu kimi xatırlanır. Yeri gəlmişkən, bu gün fevralın 21-i həm də akademikin ölüm günüdür. Allah ona rəhmət eləsin!
Onu papağına görə tanımırdıq ki.?! O bizə tariximixi, keçmişimizi tanıdırdı, biz də onu fədakar insan, əsl ziyalı, akademik kimi tanıdıq. Sizə də Elmlər Akademiyasının – Ziya Bünyadovun ata ocağının böyük elmi işmisi kimi hörmətimiz var.
Amma Atəş müəllim, siz siz olun, papağı çox da ilahiləşdirməyin.
İstənilən halda papaq sadəcə, baş örtüyüdür.
Dəridən tikilir, özü də qoyun dərisindən.
Ləman Ələşrəfqızı,
Əməkdar jurnalist
Gununsesi.info