Əhməd Cavadın qətl günüdür - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR/ VİDEO

Bu gün himnimizin memarı Əhməd Cavadın qətl edildiyi gündür.

Uzaq, həm də yaxın 1937-ci ilin oktyabrın 13-də sovetin repressiya maşını minlərlə günahsız kimi Əhməd Cavadı da ölümə məhkum etdi. Şairin 130 illiyi də bu ilə təsadüf edir. Bununla bağlı Prezident sərəncamını da əminəm xatırlayırsız.Həmin sərəncamla cari il ərzində Əhməd Cavadla bağlı müəyyən işlər görülməliydi.

Mədəniyyət Nazirliyi başda olmaqla bir sıra qurumlara tapşırıqlar da verilmişdi. Həzərat, kim nə iş gördü?! Lütfən, əlinizi qaldırarmısınız? İl bitir, 2 ay qalıb, siz nəinki bir iş görmüsünüz, hətta şairin ölüm gününü də unutmusunuz. Heç olmasa, Elm və Təhsil Nazirliyi bu gün məktəblərdə Əhməd Cavad dərsinin keçirilməsi ilə bağlı tapşırıq verə bilərdi. Bəlkə də olub, bilən varsa yazsın, heç olmasa ona sevinək.

Bu ilin yayında Ankarada Əhməd Cavad küçəsinin açılışında olmuşdum. Deyim ki, qardaş Türkiyə bizdən çox haqqını verib Əhməd Cavadın. Deyimmi nəyə görə? Təkcə, “Çırpınırdı Qara dəniz”ə görə. Əhməd Cavad bu millətin himnini yazıb, biz onun haqqını verə bilmirik. Və daha bir vacib qeyd. O tədbirdə gözləmədiyim halda mənə Əhməd Cavad mükafatı verdilər. Şok oldum! Mən Əhməd Cavad üçün nə etmişəm?-sualına cavab tapa bilmədim. Ən sonda özümün özümə təsəllim bu oldu: mənim Əhməd Cavadları sevən ürəyim var, “Sevgili bayrağım” filmində ən azı adını anmışam. Azdır, əlbəttə ki, çox azdır! Çoxunu etmək üçün isə imkanımız yoxdur.

Təəssüf edirəm və imkanı çoxlara səslənirəm. Bu KİŞİni urvatsız eləməyin. Kolleqalar, jurnalist həmkarlar! Maşallah, film yarışına düzülmüsünüz. Mən sənədli filmlər edəndə” bu nədir, reytinq vermir, başını burax”-deyənlər də yarışın və yürüşün ən qabağındadır. O filmlərdən birini də Əhməd Cavada həsr edin. Burda paylaşdığım görüntülərdə ailə şəkilləri də var. Yetər ki, istəyiniz də olsun.

Ləman Ələşrəfqızı

Gununsesi.info