
Türkiyədəki seçkilər gözəlim məmləkətdə bir ehtişamla izlənməkdədir ki, sözlə ifadəsi çətindir. Yəqin ki, türk qardaş-bacılarımız bizim azarkeşleyimizdən mütləq ya vəcdə gəlib, ya da qeyzləniblər. Vəcdə gələnlər Azərbaycandakı seçki mühitini tanımayanlardır. Onlar elə zənn edirlər ki, Azərbaycan seçicisi Türkiyədəki seçkilərə belə müdaxilə edə bilirsə. gör indi öz seçkilərində nə “hoqqa” verirlər. Əlbəttə yaxşı mənada.
Amma Azərbaycan cəmiyyətinə bələd olan Türkiyə vətəndaşı bu aşırı seçki müzakirəsi və müdaxiləsindən əminəm ki, qeyzlənib.
Bəlkə də ərki çatıb soruşanlar da olub ki, ay balam, siz özünüzə umac ova bilirsiz ki, bizə əriştə kəsməyə qalxmısız?
Həqiqətən də, çox gülməli vəziyyət yaranıb. Yurdumun insanı öz seçkilərində cınqırını da çıxartmayan insan tipidir. Eynən məşhur televiziya tamaşasında deyildiyi kimi: nəmə lazım, mən qarışmam deyib yaxasını kənara çəkir. Sanki ölkədəki seçkilərin bu adamlara qətiyyən dəxli yoxdur. Yaxşı bir arqument də tapıblar: əşi, seçkiyə getməyin nə mənası, onsuz da seçilən seçilib. Əslində, bu təfəkkürün formalaşmasında siyasi partiyaların da ciddi rolu olub. 30 ildir müxalifətə pərçim olanlar nə seçkiyə gediblər, nə də seçkiyə getmək mədəniyyətini bu millətə aşılayıblar. Heç özləri də siyasi səhnəni tərk etmək niyyətində olmayıblar. İndi kimsə soruşa bilər ki, sən niyə hakimiyyəti yox, müxalifəti bu işdən məsul gördün?
Çünki, hakimiyyət zatən oturduğu postu əldən vermək istəməz, bəs hakimiyyətə gəlmək istəyənlər niyə seçkini boykot siyasətini illərdir sürdürür?
Əgər o da düşünürsə ki, seçkiyə getməyin bir mənası yoxdur, onsuz da Məzinin qutusundan o çıxmayacaq, bizə sadəcə bu adamlara “məzən olsun ” demək qalır. Daha onda nəyin siyasətçisisən? Niyə ətrafına milləti yığmısan? Ümumiyyətlə, nə etməyi planlaşdırırsan? Açığı, bu sualların cavabı mənə məlum deyil.
Qaldı hakimiyyətə, o da bu illər boyunca demokratik seçki mühitinin formalaşmasında maraqlı olmadı. Nəticədə Azərbaycan müəllimi abırını itirdi. Millət isə əlbəttə ki, haçansa bu ölkədə normal seçkinin keçirilməsinə ümidini itirib.
Ona görə, Türkiyədəki seçkiləri belə aclıqla seyr və müzakirə edir.Adamlar qardaş ölkədə yaşananlara öz ölkəsinin daxili işləri qədər maraq göstərirlər. Adamın ürəyi ağrıyır. Necə yəni, vətəndaş baxır və görür ki, sən demə o da seçə bilər, seçilə bilər.
Lap türk qardaşları kimi, əyninə yeniçəri libası geyinər, seçki məntəqəsinə lap ata minib gələr, amma əsla ” karusel” ə minməz.
Bəli, əziz oxucu, Türkiyədəki seçkilər əsl şou idi. Sözün yaxşı mənasında bax və öyrən! Türk xalqı dünyaya demokratiya dərsi keçdi. Və mən bu gün xəbərləri az qala gözlərimdən yaş axa- axa oxudum. Avropa İttifaqının iki ünlü ismi- xanım Ursula fon der Leyen və Şarl Mişel məhz seçici fəallığına görə Türkiyə xalqına təşəkkürünü bildirdi.
Millətin 90 faizinin seçkidə iştirakı avropalıları belə heyrətləndirib. Mənim heyrətimə səbəb olanlar isə təkcə oksigen balonunda, əlil arabasında, yaxud çəliklə seçkiyə gələnlər deyildi, həm də seçkidə həyatını itirənlər idi. ” Aman Allah, Türk insanı seçkiyə ölüm-dirim məsələsi kimi baxır ” – dedim. Sən sağlamlığının yerində olmadığını bildiyin halda yenə də bu işə namus məsələsi kimi baxırsan və …. gedirsən! Həm də o biri dünyaya. Həm də borcundan çıxmış kimi. Həm də seçimini edib. Ona görə də sənə təşəkkür düşür, əziz Türkiyə. Bu insanı sən yetişdirmisən, sən tərbiyə etmisən. Səndən öyrənəcəyimiz çox şey var. Lütfən, əsirgəmə.
Ləman Ələşrəfqızı
xüsusi olaraq,
Gununsesi.info üçün