“Rusiyanın müharibəni dayandırmaq üçün siyasi iradəsi hələ də yoxdur”

“Rusiya–Ukrayna müharibəsində Rusiyanın yumşalmasını hələ görmürük. Əslində, Rusiyadakı hazırkı vəziyyəti nəzərə alsaq, bu, ilk növbədə Prezident Putinin verəcəyi siyasi qərardan asılıdır.” 

Gununsesi.info bildirir ki, bunu deputat Arzuxan Əlizadə deyib:

“Əgər belə görüşlər keçirilirsə – hazırda bununla bağlı iddialar var – qeyd etmək istərdim ki, bu yaxınlarda Bakıda da belə bir gizli görüşün keçirilməsi barədə məlumat yayılmışdı. Hətta bu görüşün Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olmadan baş tutduğu iddia edilirdi. Lakin görüşdə kimlərin iştirak etməsi ilə bağlı məsələyə cənab Prezident də aydınlıq gətirdi.

İstənilən halda, belə görüşlərin keçirilməsi müharibənin dayandırılması istiqamətində atılan cəhd kimi qiymətləndirilə bilər. Ancaq bu, sadəcə cəhddir, ortada konkret nəticə yoxdur. Zaman-zaman ayrı-ayrı şəxslərin adları açıqlanır, bəzən isə açıqlanmır.

Belə gizli görüşlərlə müharibəni dayandırmaq cəhdləri, təbii ki, təqdirəlayiqdir. Amma bir daha vurğulamaq istəyirəm ki, nəticə hələ də yoxdur. Bunun üçün ilk növbədə Rusiya tərəfinin, Rusiya rəhbərliyinin siyasi iradəsi olmalıdır.

Bu siyasi iradənin nə vaxt ortaya çıxacağı isə bəlli deyil. Təəssüf ki, Rusiya özü çox böyük bir bataqlığa düşüb. İqtisadi tənəzzül göz önündədir.

Eyni zamanda insan resursları tükənməkdədir, silah ehtiyatları azalır. Rusiyanın enerji sahəsinə də çox ciddi zərbələr dəyib. Lakin bütün bunların fonunda ölkə müharibədən geri çəkilmir. Əksinə, səfərbərlik daha da genişləndirilir, müharibəyə yeni qüvvələrin cəlb olunması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilir”.

Deputat qeyd edib ki, bütün bunlar göstərir ki, Rusiyanın müharibəni dayandırmaq istiqamətində siyasi iradəsi hələ də ortada yoxdur:

“Təbii ki, müharibənin dayandırılmasında maraqlı olan tərəflər var. İlk növbədə Avropa ölkələri müharibənin tezliklə başa çatmasında maraqlıdır.

Çünki bu gün Ukraynada baş verənlər əsl faciədir. Görürük ki, Rusiya ballistik raketlər və pilotsuz uçuş aparatları ilə daha çox mülki obyektləri, dinc əhalini hədəfə alır. Əsas hədəf hərbi obyektlər deyil, mülki infrastrukturun vurulmasıdır. Bu isə müharibə cinayətidir.

Davam edən bu hücumlar eyni zamanda insanların Ukrayna rəhbərliyinə qarşı yönəldilməsi cəhdi kimi də qiymətləndirilə bilər. Ukraynanın endirdiyi zərbələr isə əsasən Rusiyanın enerji istehsal edən müəssisələrinə yönəlir ki, bu da strateji qərardır.

Hələlik müharibənin dayandırılması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülə bilər, lakin reallıqda konkret nəticə yoxdur. Bu baxımdan, həmin gizli görüş barədə yayılan məlumat da müharibənin dayandırılması istiqamətində növbəti cəhdlərdən biri kimi qiymətləndirilə bilər.

Lakin reallıq dəyişməyib. Avropa tərəfinin bu məsələdə aydın mövqeyi var. Avropa ölkələri müharibənin dayandırılmasında maraqlıdırlar. Çünki Ukraynadan sonra, xüsusilə Şərqi Avropa ölkələri də risk qrupuna daxildir. Zaman-zaman onların hava məkanının pozulması və onlara qarşı hər hansı addımların atılması ehtimalı həmin ölkələri, ümumilikdə isə Qərbi müharibənin dayandırılması məsələsində daha israrlı mövqe tutmağa sövq edir.

Amma bir daha qeyd etmək istəyirəm ki, Rusiya tərəfinin bununla bağlı konkret siyasi iradəsi hələ də ortada yoxdur”.

 

 

Şəbnəm

Gununsesi.info