Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalist Taleh Şahsuvarlının “Laf TV”nin efirində deputat Fazil Mustafanı Səfəvilər mövzusunda debata çağırmasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Rəşad Məcid Taleh Şahsuvarlının debat çağırışını emosional və bir qədər əsəbi tonda etdiyini qeyd edib.
“Talehin sanki debata yox, davaya hazırlaşdığını bildirmişdim”, – deyə Rəşad Məcid yazıb.
O, verilişin aparıcısı Ləman xanıma da müraciət edərək belə vəziyyətdə Fazil Mustafanın iştirakı olmadan verilişin təxirə salınmasının daha məqsədəuyğun olduğunu bildirib:
“Yaxşı olardı, hörmətli Ləman xanım da belə vəziyyətdə Fazil Mustafasız verilişi təxirə salaydı. Səfəvilər mövzusunda soyuqqanlı, təmkinli polemika ictimaiyyət üçün daha faydalı ola bilərdi”.
Rəşad Məcid Fazil Mustafanın bir sıra fikirləri ilə razılaşdığını da vurğulayıb. O, deputatın Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi ilə bağlı fikirlərini də doğru hesab etdiyini bildirib.
Bununla belə, Məcid Səfəvilər mövzusunda ümumi konsensusun yaranmasının çətin olduğunu düşünür:
“Amma Səfəvilər elə mövzudur ki, bu məsələdə ümumi konsensusun yaranacağına skeptik yanaşıram. Düşünürəm ki, belə müzakirələr obyektiv aydınlıqdan və tarixi maariflənmədən daha çox, fərqli baxışlara malik insanların gərəksiz qarşıdurmasına səbəb olacaq”.
Rəşad Məcid Fazil Mustafaya da jurnalistlərlə polemika zamanı daha təmkinli olmağı tövsiyə edib:
“Fazil bəyə də jurnalistlərlə polemika zamanı ona xas olmayan kobud leksikondan uzaq durmağı, səbirli olmağı arzulayıram”.
O, məsələdə yaranan gərginliyi lazımsız hesab etdiyini bildirib:
“Fikrimcə, lazımsız gərginlikdir. Onsuz da hər kəs sonda öz mövqeyində qalacaq”.
Rəşad Məcid paylaşımının sonunda fikrini qısa şəkildə ifadə edib:
“Barışın getsin!
Orxan











