Bir dəfə Şuşada… — Ləman Ələşrəfqızı yazır

  • By admin
  • 30 Dekabr 2021 09:17

O gecə ilan vuran yatdısa, mən də yatdım. Şuşanı heç yuxularımda da görməmişdim. İndi kəklikotu qoxuyan qayalarının sərtliyini ayaqlarımız altında hiss edəcək, səs-küyümüzlə Cıdır düzünün düzənini pozacaqdıq.

Səhər saat 6-da jurnalistlər Medianın İnkişafı Agentliyinin təşkil etdiyi tur çərçivəsində Azneft dairəsində yığışmalı idi. Yatıb bir az da olsa gözümün acısını almalıydım. Amma yuxu nə gəzir? Vaxt da acı bağırsaqdı sanki.Elə hey uzanır. Gecənin qaranlıq sükutunda özüm- özümə Şuşayla danışıram.

Salam, Şuşa. Mənim şüşə qəlbli şəhərim.

Salam, Böyük Kirs dağı. Başın nə böyük bəlalar çəkdi sənin?!

Daşaltı dərəsi. Bağrına daş basıb düz 28 il gözlədin. Tor gələn gözlərinə qurban.

Cıdır düzüm, Qırxqız yaylağım.

Qırmızı qoftalı, yaşıl tumanlı qırx incəbel qızla yola çıxmışıq.

Ey Yuxarı məhəllə, Aşağı Məhəllə!

Dik yamaclarında quş qəfəsləri kimi asılmış evlərin qapısını açmağa gəlirik.

Gözlə bizi Şuşaaaa.

Saatın zənginə gözlərimi açıram. 5 tamamdır. Başımdakı küt ağrı yuxu pozuntusunun əlamətidir. Bəlkə də üst-üstə heç bir saat da yatmamışam. Amma buna rəğmən yerimdən quş kimi qalxıram. Dik yamaclarda quş qəfəsləri kimi asılmış evləri görməyə tələsirəm.

Şuşanın təsvirini ilk dəfə qonşumuz Afəridə xaladan eşitmişdim.Mədəsində yara vardı və bir ili Şuşaya sanatoriyaya getmişdi. Gəlib Cıdır düzündən, İsa bulağından elə şövqlə danışırdı ki…Bu Şuşanın dağlarını sözün əsl mənasında duman almağa başlayan illər idi. 1980-lərin sonları.

Şuşanın təsvirini bir də işğaldan sonra eşitdim. Qrup yoldaşım Kəmalədən. Biz ona şuşalı deyirdik. İşğalın kədəri gözlərinə çökmüşdü. İlahi o illərdə fakültəmizdə nə qədər kədərli gözlər vardı. Laçının yükü Təranənin gözlərində, Zəngilanın dərdi Səmədin gözlərində əks olunmuşdu. Səməd həmişə deyirdi ki, yaşla dolu gözləri sevirəm. Sanki saatın açıq vaxtına düşmüş, Allah eşitmiş və Səmədə bir elə, bir obaya sığmayacaq qədər yaşla dolu göz buraxmışdı.

Sonra yolum ANS-dən düşdü. Bir neçə il ardıcıl olaraq işğal reportajlarını mən hazırlamalı oldum. ANS-in arxivindəki «sıroy» kadrları az qala əzbərləmişdim. Şuşa ətrafında gedən döyüşlər, sarı avtobuslara doluşan əsgərlərin döyüş əhval-ruhiyyəsi, müsahibələri, dağlarda şimşək kimi çaxan artilleriya topları, od tutub yanan evlər, viran qalan Şuşa…

Ah, səni meşə tülküsü! Sənin adını da mən elə bu reportajları hazırlaya-hazırlaya öyrəndim. Arkadi Ter Tadevosyan. Onun» Dağlarda toy» əməliyyatı azərbaycanlılara toy tutmağa hesablanmışdı. Nə qədər acı olsa da deməliyik ki, o bunu bacardı.

Amma ataların yaxşı bir məsəli də var: özgə atına minən tez düşər. Tadevosyanın atasını yandırmaq üçün Azərbaycanda elə oğullar böyüdü ki…Şuşadan, Laçından, Kəlbəcərdən, Zəngilandan, Füzulidən bələkdə gələn körpələr biləkli igidlərə dönüb Şuşanın yalçın qayalarına dırmaşdılar. Şuşa topsuz-tüfəngsiz alındı. Tadevosyanın nəinki özü, yeddi arxa dönəni belə bir toyu ömründə görməmişdi. Məncə meşə tülküsünü məhz bu öldürdü! Ermənistan Silahlı Qüvvələri üçün döyüşçü hazırlayan bu qoca çaqqal 44 günlük müharibədən bir neçə ay sonra gəbərdi. Cəhənnəmdə yansın.

Bizi Şuşaya aparan avtobusda həm də bütün bunlar haqqında düşünürəm. Kaş yanımızda bir bələdçi olaydı. Heç olmasa Şuşada qələmi ilə, sözü ilə döyüşən bir jurnalist. Məsələn, Vahid Mustafayev. Şuşaya ən birinci getməyi o haqq etmirdimi? Bax, o indi bizim yanımızda olsaydı, Şuşanın dağını-daşını bizə təsvir edərdi. Bəlkə Turşsudan keçib gedirik? Bəlkə Aqarunovdan müsahibə burda alınıb? Nə bilim….Hələ ki, gah sürücüdən, gah da jurnalist həmkarım Samirdən aldığım bir-iki informasiya ilə kifayətlənirəm: bax, bu meşənin arxası Topxanadır. Bax, o görünən yer Daşaltıdır. Aman Allah! Dünənə qədər əlin çatmayan, ünün yetməyən yerlər indi gözlərin qarşısında durub. Heyrətamiz hisslərdir. Daha da heyrətamizi bizi Şuşaya aparan Zəfər yoludur. İpək kimi hamar. Kaş ölkədə bütün işlər də belə hamar gedəydi deyirəm.

Şuşaya kimi üç postdan keçməli oluruq. Sonuncu postda qanım əməlli-başlı qaralır. Hələ posta çatmamış uzaqdan rus bayrağını görürəm. Daha bir bayraq sancılmış döyüş maşınında rus «sülhməramlı»sı kimisə Xankəndinə müşayiət edir. Yadıma Fransanın prenzidentliyə namizədi düşür. Deməli, iki gün əvvəl Valeri Pekrez də burdan gəlib keçib. Rus bayrağı altında. Paralelində bizim postdur. Ruslarla bizimkilər üz-üzə, göz-gözə dayanıblar. Məşhur tamaşada deyildiyi kimi, tet-a- tet. Bizim postun əsgəri sənədlərimizi sonuncu dəfə yoxladığı vaxtda mən də setka arakəsmənin o tərəfinə baxıb müşahidələrimi aparıram. «Sülhməramlı» ora-bura gəzişir. Üzü Şuşaya tərəf bir avtomat tuşlanıb. Xankəndindən gələn erməni maşınları sürətlə Laçın dəhlizinə tərəf şütüyür. «Sülhməramlı» o maşınlara heç gözünün ucu ilə də baxmır. Soruşuram ki, bura da postdur, bəs onları niyə saxlamırlar? Eşitdiyim cavab inandırıcı və arqumentli görünmür. Deyirlər ki, onları qarşıdakı postda yoxlayıblar. Axı bizi də bura qədər iki postda yoxlamadılarmı? Biz üçüncü postda da ələnmirikmi? Səhər yuxudan qalxanda başım necə ağrıyrdısa eynən o cür sızıltım artır. Bu dəfə erməniyə olan «ayı xidməti»ndən. Bir neçə gün əvvəl İlham İsmayılla LAF TV-dəki müsahibəmi xatırlayıram. İlham bəy Zəngəzur dəhlizinin açılmasının hay-küyü fonunda Qarabağın unudulmasından narahatlığını bildirmişdi. Deyirdi ki, Xankəndini tələb etməliyik, Xocalıda tikinti işlərinə başlayırıq mesajını verməliyik, Laçın dəhlizinə nəzarəti ələ almalıyıq, Zəngəzur başımızı qatmamalı, Qarabağ unudulmamalıdır.Doğru! Postdakı əsgərimizin — Ləman xanım kimdir? — səsinə diksinirəm. Şəxsiyyət vəsiqəmi mənə qaytarır və biz yola rəvan oluruq.

Şuşanın nə yaman sərt yoxuşları varmış! Bizi aparan sprinter bir neçə dəfə «qaynadır», biz də fürsəti dəyərləndirib şəkil çəkdiririk. Hərdən xəcalət bürüyür məni, burda igidlər qanına qəltan olublar, sən necə deyib-gülüb şəkil çəkdirirsən? deyə daxili bir hiss məni boğur. Amma tez də özümü ələ alıram, yadıma Şuşanın işğalında kilsədə qol götürüb oynayan erməni qadının kadrları düşür. Bəlkə də oğlunu itirmişdi. Bəlkə də onu dərd oynadırdı, bəlkə də qalibiyyət hissi. Zənnimcə, ikinciydi. Və təsəllim…bəlkə də şəhidlərimizin ruhu hardasa başımız üzərindədir və bizi görür. Bizim də əvəzimizə qol götürün oynayın deyirlər.

 

Oynadıq da. Cıdır düzündə yallı getdik. Kimi ürəyində Paşinyana acıq verirdi, kimi sadəcə 30 illik arzusunu reallaşdırırdı. Mənim də bu işğal illərində bircə arzum olmuşdu. Kaş Şuşa alınaydı. İllərlə kadrlarda gördüyüm şəhəri canlı olaraq görəydim. Hazırladığım reportajlarda tar sexi deyilən bir yerdən danışılırdı. Tofiq Oğuz orada vuruşub, orada da itkin düşüb deyirlərdi. Oranı görmək istəyirdim. Gedə bilmədim. Şuşa batalyonunun komandiri Fəxrəddin Səfərovun evini ziyarət etmək keçirdi könlümdən. Qızı Mədinə xanım mənə yazmışdı ki, atam o evin daşını çiyinlərində daşımışdı, bircə kubikdən istifadə etməmiş, çöl daşından, qaya daşından imarət ucaltmışdı. Fəxrəddin müəllim özü də qaya kimi adamdır. Şuşa uğrunda ləyaqətlə vuruşub. Təəssüf, onun da evinə gedə bilmədim.

İsa bulağına da getmək mümkün olmadı. Dedilər bunun üçün «sülhməramlı»lardan icazə alınmalıdır. Allah bəlanızı versin-dedim.

Və bir də təbii ki, Xankəndinə, Xocalıya gedən yolun qabağını sülhməramlı kəsib. Cıdır düzündən sadəcə Xocalıya tərəf boylandım. Dedilər bax, o torpaq yolu görürsən, o ağaran evləri görürsən, oradır Xocalı…Ürəyimdə : Xocalı, qanına bələnən şəhərim, bağışla, sənə gələn yollar bağlıdır. Amma o yollar açılacaq, buna inanıram. Və sən don vurmuş ayaqların üstə yenə məğrur duracaqsan, Qarqarın güzgü sularına baxıb saçına sığal çəkəcəksən, əynindən qaraları çıxaracaq, qırmızı geyinəcəksən-dedim. Güləcəksən Xocalı. Elə qəhqəhə çəkəcəksən ki, səsin Qaraqaya ətrafına səpələnən günahsız ruhları oyadacaq. Buna o qədər inanıram ki!

Bu inam Şuşa qalası ətrafında bir qədər də artır. Xatırlayıram, ermənilər Şuşanın işğalından bəhs edən bir film çəkmişdilər. Filmdə işğal olunan Şuşa qalasına erməni əsgər bayraq sancır və dığanın biri də idbar gülüşüylə onu müşayiət edir. O kadrda əməlli-başlı rejissor işi vardı və şəxsən məni bu illər ərzində o kadr qədər heç nə yandırmamışdı. Şuşa qalasında sadəcə «Allahım, sənə çox şükür! Nəhayət, o idbarın gülüşünü üzündə dondurduq» deyə bildim. Gövhər Ağa Məscidində isə əllərimi göyə açıb Tanrıdan Şuşaya əbədi xoşbəxtlik istədim. Bir də heç kim Şuşanın şüşə qəlbini sındırmasın deyə.

Ləman Ələşrəfqızı

Gununsesi.info