İradə Cavadova Vəkillər Kollegiyasının konfransından danışdı - AYDIN AXUNDOV ÇIXIŞLARA İMKAN VERMƏDİ

  • By admin
  • 07 Dekabr 2017 17:52

Vəkillər Kollegiyasının bu gün keçirilən iclasına sədrlik edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov konfransın normal, demokratik ab-havada keçirilməsinə şərait yaratmadı.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil İradə Cavadova Vəkillər Kollegiyasının konfransı, yeni rəhbərliyin seçilməsi və gözləntiləri ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, konfransa sədrlik edən Aydın Axundov sanki əvvəlcədən planlaşdırılmış qaydada toplantını idarə etdiyindən müstəqil və fərqli fikirli insanların çıxışlarına imkan vermirdi: “Çox təəssüf edirəm ki, Aydın Axundov toplantının gözlənildiyi səviyyədə aparılmasına şərait yaratmadı. Baxmayaraq ki, konfransda vəkillik fəaliyyəti və Nizamnamə ilə bağlı təklif və fikirlərimiz olsa da, bizlərə çıxış etməyə şərait  yaradılmadı. Məndən başqa da digər vəkillərin vəkillik fəaliyyətinin ağrılı problemləri ilə bağlı fikirləri var idi”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni seçilən sədrinə və üzvlərinə uğurlar arzulayan İ.Cavadova bildirib ki, Anar Bağırov gənc və böyük potensiala malik bir şəxsdir: “Ümid edirəm ki, Anar müəllim vəkillərin  fəaliyyəti və üzləşdiyi problemlərin həllində əlindən gələni edəcək. Nəticədə vəkillik institutu Azərbaycanda öz layiqli yerini tutacaq və ciddi işlək bir quruma çevriləcək. İlk olaraq hesab edirəm ki, vəkillərin normal fəaliyyəti üçün müasir dövrün tələblərinə uyğun yeni inzibati bir binaya ehtiyac var. Çünki Vəkillər Kollegiyasının mövcud binası köhnə və şəraiti olmayan bir binadır. Digər vacib məsələlər vəkillərin sayının artırılması, onların işə qəbulu və bu zaman peşəkarlığa üstünlük verilməsi, order problemi, işə qəbulun asanlaşdırılması ilə bağlı həllini gözləyən digər məsələlər həll olunmalıdır”.

Vəkil korpusunun formalaşdırılması və vəkillərin sayının beynəlxalq praktikaya uyğun saya çatdırılması istiqamətində atılacaq addımlara gəldikdə isə İ.Cavadova bildirib ki, bu təkcə Vəkillər Kollegiyası Rəyasət Heyətindən asılı olan məsələ deyil: “Lakin hesab edirəm ki, yeni rəhbərlik bu problemlərin də həlli istiqamətində ciddi addımlar atacaq. Sizə bir şey deyim ki, nüməyəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılmayanadək əksər nümayəndələr özləri vəkil olmağa elə də həvəs göstərmirdilər. Onların mütləq əksəriyyəti mülki işlərlə məşğul olduqlarına görə vəkil kimi fəaliyyətə ehtiyac duyulmurdu və bunda maraqlı deyildilər. Onu da əlavə edim ki, nümayəndələr arasında peşəkarlar olsa da, xeyli sayda qeyri-peşəkarlar da var idi. Hesab edirəm ki, bundan sonra həmin şəxslər imtahan verərək vəkil kimi fəaliyyət göstərəcəklər”.

İ.Cavadova əlavə edib ki, 2018-ci ilin yanvar ayında vəkil kimi fəaliyyət göstərənlər üçün imtahan olacaq: “Məndə olan məlumata görə, artıq 1016 nəfər vəkil olmaq üçün sənəd verib. Növbəti imtahanlarda hesab edirəm ki, sənəd verənlərin sayı daha çox olacaq. Hesab edirəm ki, Kollegiyaya qəbulda peşəkarlığa, bilik və bacarığa üstünlük verilməlidir”.

Onun fikrincə, vəkil korpusunun formalaşdırılması üçün ildə iki dəfə də imtahan təşkil oluna bilər: “Ən azından ildə bir dəfə olsa yaxşıdır. Bir daha təkrar edirəm ki, burada kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidir”.

Vəkil kimi fəaliyyət göstərmək üçün imtahan balının azaldılmasına  gəldikdə İradə Cavadova bunun əleyhinə olduğunu dilə gətirdi. O bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulan 60 imtahan balının aşağı salınmasının yox, sadəcə testə salınan sualların qəlizliyinin və mürəkkəbliyinin bir az sadələşdirilməsinin tərəfdarıdır: “Deyilənə görə,  testlərdə elə suallar var ki, onlar hakimlərin işə qəbulla bağlı testlərindəkindən də qəlizdir. Odur ki, bu suallar müəyyən mənada sadələşdirilməlidir. Xüsusən də məntiqlə bağlı suallar”.

İ.Cavadova digər əsas problemlərdən biri kimi vəkillərin qanunsuz olaraq fəaliyyətinə xitam verilməsi və uzaqlaşdırılması ilə bağlı məsələni dilə gətirərək deyib ki, vəkilin fəaliyyəti müəyyən müddətə məhdudlaşdırıla bilər, lakin ömürlük bu fəaliyyətdən uzaqlaşdırılması düzgün yanaşma deyil: “Məsələn, bu gün konfransda bir nəfərin namizədliyi Rəyasət Heyəti İdarə Heyətinə verildi. Lakin toplantıya sədrlik edən Aydın Axundovun həmin şəxsin fəaliyyəti ilə bağlı iradı olduğuna görə, namizədliyinin qəbul olunmasına imkan verilmədi. Bəlli oldu ki, bu şəxsə 2010-2011-ci ildə fəaliyyəti ilə bağlı irad bildirilib və bu müddətdən xeyli vaxt keçib. Belə hallar aradan qaldırılmalıdır. Hər bir insanın fəaliyyətində hansısa nöqsan və irad ola bilər. Amma bu həmin şəxsin hansıa rəhbər struktura seçilməsinə maneçilik yaratmamalıdır. Müəyyən müddət keçdikdən sonra bu irad aradan götürülməlidir.

Digər əsas məsələlərdən biri də vəkillərin fəaliyyətinə xitam verilməsi ilə bağlı olan məsələdir. O zaman vəkilin fəaliyyətinə xiram verilə bilər ki, həmin şəxs həqiqətən ciddi nöqsana yol verib və ya cinayət hadisəsi törədib. Mən təklif edərdim ki, vəkilin fəaliyyəti müəyyən müddətə – 6 ya, 1 il müddətinə məhdudlaşdırıla bilər. Lakin onun ömürlük vəkillikdən uzaqlaşdırılması düzgün deyil. Bəzən ciddi günahı olmayan, haradasa cüzi xətaya yol verən şəxsin vəkillik fəaliyyətinə ömürlük xitam verilir. Ümid  edirəm ki, yeni rəhbərlik bu problemlərin aradan qaldırılmasına nail olacaq və bu institutun normal fəaliyyəti üçün lazımı olan bütün şəraiti yaradacaq”.

Mürtəza Bünyadlı

Gununsesi.info