İradə Cavadovaya qarşı növbəti məhkəmə ədalətsizliyi - APELLYASİYA MƏHKƏMƏSİ İRADƏ CAVADOVANIN VƏSATƏTLƏRİNİ RƏDD ETDİ

  • By admin
  • 15 May 2019 09:32

 

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın məşhur vəkillərindən birin olan İradə Cavadovanın şikayətinə baxılıb.

Gununsesi.org-un xəbərinə görə, hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə İradə Cavadovanın verdiyi vəsatətlərin heç biri təmin olunmayıb.

Maraqlıdır ki, məhkəmə bu vəsatətləri rədd edərkən qanunun tələblərini pozub. Belə ki, heç bir əsaslandırma olmadan bütün vəsatətlərə “yox” deyilib.

Məhkəmədə vəsatətləri haqqında danışan İradə xanım tələb edib ki, Vəkillər Kollegiyasından ondan şikayətçi olan Könül Mürsəlova 16 may 2018-ci ildə bu quruma teleqram vuraraq hər hansı bir şikayətinin olmadığını bəyan edib: “Eyni məzmunlu müraciəti anası da yollayıb. Bu müraciətlərin hər biri qeyd alınıb. Amma Vəkillər Kollegiyası həmin müraciətləri ortaya çıxarmır. Ona görə də məhkəmə bu vəsatəti təmin etməli idi”.

İradə xanımın növbəti vəsatəti isə DİN-nin 102 xidmətindən məlumatın alınmasına dair olub. Belə ki, cavabdehin anası Elmira Mürsəlova vəkilə müraciətində qızının DİN-nin BMCQMİ-nə aparıldığını deyib. Hətta o, bununla bağlı nazirliyin 102 xidmətinə zəng edib. Lakin sonradan qız şikayətində bunları təkzib edib. Odur ki, qızın anası Elmira Mürsəlovanın 102-yə zəngi ilə bağlı məlumatların məhkəməyə təqdim olunması barədə vəsatət qanuni olsa da məhkəmə onu da rədd edib.

Daha bir vəsatət Könül Mürsəlova və anasının dindirilməsi barədə olub. Məhkəmə vəkilin bu tələbini də gözünü yumaraq rədd edib.

İradə Cavadovanın məhkəmə xətşünaslıq ekspertizasının təyin olunmasına dair vəsatəti isə baxılmamış saxlanılıb.

Qeyd edək ki, İradə Cavadovanın Vəkillər Kollegiyası tərəfindən cəzalandırılması bir sıra beynəlxaq təşkilatların narahatlığına səbəb olub. Müxtəlif hesabatlarda Azərbaycanda müstəqil vəkillərin cəzalandırıldığı qeyd olunur.

Elmar Elnuroğlu

Gununsesi.org