Türkiyədə son aylarda siyasi gündəmin əsas mövzularından biri ana müxalifət partiyası olan CHP (Cumhuriyyət Xalq Partiyası) ətrafında yaşanan hadisələrdir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Özgür Özel partiya rəhbərliyindən məhkəmə qərarı ilə kənarlaşdırıldı və onun yerinə Kemal Kılıcdaroğlu gətirildi.
Partiya rəhbərliyi ilə bağlı məhkəmə qərarları, CHP daxilində yaranan fikir ayrılıqları, müxalifət nümayəndələrinə qarşı aparılan hüquqi proseslər və bu hadisələrin ölkə siyasətinə təsiri geniş müzakirələrə səbəb olub.
Xüsusilə CHP-nin rəhbərliyi məsələsi ətrafında yaranan mübahisələr siyasi gərginliyi daha da artıraraq həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə diqqətlə izlənilir.
Belə bir dövrdə mövzu ilə bağlı verilən açıqlamalar Türkiyədəki siyasi proseslərin mahiyyətini və tərəflərin mövqelərini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Sözügedən proseslərlə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər Gununsesi.info-ya danışıb.
O bildirib ki, Müsavat Partiyası olaraq dünyada, xüsusən də bölgəmizdə gedən ictimai-siyasi prosesləri diqqətlə izləyirlər.
“Türkiyə isə bizim üçün həlledici dövlətdir, Azərbaycanımızın ən yaxın müttəfiqidir”, – deyə İsa Qəmbər vurğulayıb.
O, həmçinin əlavə edib:
“Türkiyənin aparıcı siyasi qüvvələrindən olan CHP-yə qarşı olan təzyiqlər bizi narahat edir. İstər məhkəmə qərarları, istəsə də zaman-zaman polisin təzyiqləri demokratiyaya zərbə kimi qiymətləndirilməlidir. Müsavat Partiyası olaraq biz Türkiyədə siyasi rəqabətin dinc məcrada davam etməsinə, problemlərin inzibati resurslardan istifadə edilmədən və xalqın iradəsi ilə həll olunmasına tərəfdarıq. İnanırıq ki, belə də olacaq. Proseslər də göstərir ki, CHP-yə qarşı inzibati resurslardan istifadə edilərək çıxarılan ədalətsiz qərarlara istər partiya daxilində, istərsə də cəmiyyətdə kifayət qədər müqavimət var. Cəmiyyət proseslərin dinc şəkildə getməsinə və problemlərin həllinin seçkilərlə olmasına tərəfdardır. İnanırıq ki, belə də olacaq”.
Orxan












