Törətmədiyi cinayəti saxta sübutlarla, sənədlərlə oğlumun üzərinə qoyublar - PREZİDENTƏ ŞİKAYƏT

Bakı Apellyasiya Məhkəməsində baxılan 1(103)-612/2023 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahmuradov Röyal Şahbala oğlunun atası Binyətov Şahbala övladının həbsi prosesində baş verən qanunsuzluqlar  barədə ölkə başçısına, birinci-vitse prezidentə məktub yazıb.

Qeyd edək ki, Röyal Şahmuradov məşhur aprel döyüşlərinin iştirakçısı olub. Onun qardaşı Xəyal Şahmuradov isə 44 günlük Vətən Savaşında qazi olub.

Üzləşdikləri qanunsuzluqdan danışan Şahbala Binyətov ölkə rəhbərliyindən bu ədalətsizliyin  aradan qaldırılmasını, oğlunun haqq etdiyi bəraəti almasını xahiş edir.

 

Şahbala Binyətovun Gununsesi.info-ya təqdim etdiyi məktubu olduğu kimi dərc edirik:

“Oğlumun boynuna şər atıb tutmaq istədilər. Binəqədi polis idarəsi onu tutub işgəncəyə məruz qoydu, dedilər guya dostu Elşən Quliyevə bıçaqla xəsarət yetirib. Oğlum işgəncələrə baxmayaraq heç bir izahata qol çəkmədi və etmədiyi günahı boynuna götürmədi. Dostu Elşən ifadə verdi ki, özüm özümə xəsarət yetirmişəm. Ekspert təsdiq etdi ki, özü özünə xəsarət yetirə bilərdi. Hadisə olan zaman şahidlik etmiş Elşən Hüseynov adlı adam də təsdiq edir ki, Röyal zərərçəkəni vurmayıb. Buna görə də Binəqədi polis idarəsinin müstəntiqi Eldar Abdullayev 01.07.2020 tarixində xitam qərarı verib cinayət işini bağladı. Xeyli vaxt keçəndən sonra həmin xitam qərarını prokurorluq orqanları ləğv etdi və oğlumu 27.01.2021 tarixində Bakı şəhər Baş Polis İdarəsi tutub həbs etmək üçün Xətai rayon Məhkəməsinin keçmiş hakimi İbrahim İbrahimlinin qarşısına çıxardı.

Hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan İbrahim İbrahimli oğlumun barəsində həbs qərarı verməkdən imtina etdi, oğlumu azad etdi. Sonradan onun qərarından Bakı Şəhər Prokurorluğunun verdiyi protesti Bakı Apelyasiya Məhkəməsi 02.02.2021 tarixli qərarı ilə təmin etdi, oğlumu həbs edib Kürdəxanı türməsinə yolladılar. Artıq 2 ildən çoxdur ki, oğlum Röyal Şahmuradov günahsız olaraq orada yatır. Oğlum Röyal Şahmuradovun guya xəsarət yetirdiyi Elşən Quliyev deyir ki, xəsarəti özü-özünə yetirib. Hadisəni bilavasitə görmüş şahid Elşən Hüseynov deyir ki, Röyal heç kimə xəsarət yetirməyib. Bütün digər adamlar onun-bunun sözü ilə ifadə veriblər. Hüquqşünaslardan öyrənmişəm ki, cinayət prosessual məcəlləsinin 126.3-cü maddəsinə görə başqalarının sözü ilə şahidlik etmək olmaz. Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən özgənin sözlərindən verilmiş məlumatlar sübut hesab olunmur. Siyavuş Hacıyev məhkəmə zalında özünü elə aparırdı ki, sanki dostları ilə çayxanadadır. Oğlum Röyalın xeyrinə ifadə verən şahidlərə (başqa sözlə bütün şahidlərə) hədə qorxu gəlirdi, onların barəsində prokurorluğa iş göndərəcəyi ilə hədələyir, onları “məlikməmməd nağılı” danışmaqda suçlayırdı, verilmiş qurma ittihamı prokurordan çox müdafiə edirdi, hakim etikasını dəqiqə başı pozurdu, hamının sözünü kəsirdi. Axırda da oğluma qarşı heç bir sübut olmadığını görüb hamının xoşuna gəlmək üçün maddəni 126.1-ə keçirdi və ən aşağı cəza təyin etdi.

Hökmün surəti mənə də çatdı. Orada ən absurd şəkildə qanunvericilik pozulmuşdur. Çünki qanuni hökm çıxarsaydı, oğlum Röyal Şahmuradova bəraət verməli olardı.

İstintaqın bütün saxtakarlıqlarını ortaya çıxarmış vəkil hamıya sübut etdi ki, Şahmuradov Röyal Şahbala oğlu təqsirsiz yerə tutulub. Onun çıxışında dediklərini qeyd etmişəm, diqqətinizə çatdırıram:

1. Cild 01, iş vərəqi 37-də yerləşən “axtarışda olan şəxsin tutulması haqqında protokol” saxtadır. Orada olan imzalar adları qeyd olunan müəlliflərə aid deyil. Buna əmin olmaq üçün cild 04, iş vərəqləri 136-138-də yerləşən Məhkəmə Ekspertizaları Mərkəzinin 01.09.2022-ci il tarixli 4/1225 saylı ekspertiza rəyi kifayət edir.

Röyal Şahmuradov özü də məhkəmə istintaqında bildirib ki, protokolda adı olan Məhəmmədəli Tahirzadə onu tutan şəxslərin arasında olmamışdır. Məhəmmədəli Tahirzadə özü də məhkəməyə bir neçə ziddiyyətli ifadələr vermişdir. Belə çıxır ki, Məhəmmədəli Tahirzadənin ifadələri yalandır və mötəbər sübut kimi nəzərə alına bilməz.

2. Cild 02, iş vərəqəsi 296-da (ittiham aktının vərəqi) “077-230-21-30” nömrəsi əvəzinə “070-210-73-10” nömrəsi saxtakarcasına müstəntiq tərəfindən yazılmışdır. Cild 02, i.v. 179-da olan mobil operatorun hesabatından görünür ki, həmin mesajlar “077-230-21-30” nömrəsindən göndərilmişdir! Müstəntiq Rüfət Allazovun bu saxtakarlığı etməkdə məqsədi zərərçəkmiş Elşən Hüseynovun 04.04.2020-ci il tarixində göndərdiyi mesajın məhz Röyal Şahmuradova ünvanlandığına məhkəmələri inandırmaq olub. Razılaşın ki, bu incə detalı müəyyən etmək asan olmayıb. Digər tərəfdən cild 02, i.v. 40-da “Azerfon” MMC ağ kağız üzərində qara hərflərlə “070-210-73-10” saylı nömrənin şəbəkələrində mövcud olmadığını etiraf edir!

Bununla da ortaya çıxır ki, təbiət etibarı ilə belə bir mobil telefon nömrəsi mövcud olmayıb. Çünki 04.04.2020-ci il tarixində zərərçəkmişin mobil nömrəsindən göndərilmiş məlum sms-in cild 02, i.v. 182-də olan detallarından məlum olur ki, həmin mesaj “NOT_DEL” (not delivered – çatıdırlmadı) statusunda qalmışdır. Amma saxtakarlığı etmiş müstəntiq Bakı Ağır Cinayətlər Məhkəməsinə əlavə şahid kimi çağırılıb dindiriləndə görün bələ deyib: Cild 04, iş vərəqləri 9-10-dan görünür ki, müstəntiq Rüfət Allazov birinci instansiya məhkəməsində əlavə şahid qismində verdiyi ifadədə qeyd etmişdir ki, (1) “Həmçinin əldə edilmiş sms yazışmalarından dolayı şəkildə müəyyən olunmuşdur ki, zərər çəkmişə xəsarəti məhz təqsirləndirilən şəxs yetirmişdir”; (2) “Həqiqətən də “070-210-73-10” mobil telefon nömrəsi Şahmuradov Röyal Şahbala oğlu tərəfindən şəxsiyyət vəsiqəsi təqdim olunmadan və öz adına qeydiyyata alınmadan əldə olunmuş və istifadə olunmuşdur.

Bu faktı onunla faktiki nikah münasibətlərində olmuş Əliyeva Sədircahan Əli qızı da öz ifadəsində təsdiq etmişdir. Bu səbəbdən də 04.04.2020 tarixində zərərçəkmiş şəxs Quliyev Elşən Vidadi oğlunun “070-210-73-10” mobil telefon nömrəsinə göndərdiyi «Oz sozuvunde. senden qan pulu gozleyeninde oz payına…» sözləri ilə başlayan sms zərərçəkmiş tərəfindən şəxsən Şahmuradov Röyal Şahbala oğluna göndərilmişdir”. Yuxarıda istinad etdiyim iş materiallarından, xüsusilə də cild 02, iş vərəqi 40-dan görünür ki, “070-210-73-10” mobil telefon nömrəsi ümumiyyətlə mobil şəbəkədə mövcud olmamışdır. Belə olan halda ibtidai istintaqın irəli sürdüyü ittihamın əsassız olması birbaşa görünür.

Baki Apellyasiya Məhkəməsinin işə qeyri-obyektiv baxmağa başlamış hakimi Emin Mehdiyev vəkilin etirazı ilə işdən kənarlaşdırıldı. Yeni sədrlik edən hakim Fərid Əyyubov işin araşdırılması üçün qismən məhkəmə istintaqı keçirməyə başladı. Amma əminliklə bildirirəm ki, bu cinayət bu cinayət işinin nəticəsində maraqlı olan bəzi vəzifəli şəxslər Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyinə çoxsaylı xahişlər etməklə hakimlərin mövqeyinə təsir etmək istəyirlər. Bir ata kimi sizə yalvarıb imdad diləyirəm ki, bu cinayət işində heç bir mötəbər sübutun olmadığı oğlum Röyalın cinayət törətməməsi aydınlaşdırılsın və oğlumun tezliklə azadlığa çıxmasına kömək olunsun. Mənim də, anasının da səbrimiz tükənib. Oğlumuza bu saxta ittihamla verilmiş qanunsuz cəza ləğv olunmasa özümüzü yandırmaq istəyirik ki, bəlkə oğlumuza bununla kömək edə bildik. Cənab prezident acizanə şəkildə sizdən xahiş edirəm, oğlum Röyalın Şahmuradova bəraət alması üçün köməklik göstərin. Sadəcə qoymayın məhkəməyə təsir edə bilsinlər. Sizə yalvarıram!

Cənab Prezident! Son ümidlərim sizədir! Oğlum Royal Şahmuradov aprel döyüşlərinin iştirakçısıdır. Digər oğlum Xəyal Şahmuradov “Vətən Müharibəsi” qazisidir. Mən biçarə atanı tək qoymayın!

 

Şəbnəm

Gununsesi.info