Bir çox insanlar küçədə yaşayan pişiklərə marketlərdə satılan hazır yemlərdən alıb verir.
Bəs görəsən, bu, həmişə doğrudurmu?
Gununsesi.info -ya danışan veterinar Adil Qurbanov bildirib ki, küçədə yaşayan pişiklərə marketdə satılan pişik yemi vermək olar və bu, ümumiyyətlə, yaxşı seçimdir. Hətta küçədən tapılan, insan yeməkləri və tullantıları ilə qidalanan pişik üçün keyfiyyətli pişik yemi daha uyğun və balanslı qidadır. Amma bir məqam vacibdir. Birdən-birə market yemi versəniz nə olar? Əgər pişik indiyə qədər əsasən küçədə nə tapırsa yeyibsə, bir dəfə pişik yemi verməyiniz adətən təhlükəli deyil. Sadəcə, mədəsi yeni qidaya həssas reaksiya verə bilər. Məsələn, yumşaq nəcis və ya ishal, qusma, qarında narahatlıq, yeməyə müvəqqəti maraqsızlıq ola bilər. Pişiklərdə qəfil pəhriz dəyişikliyi həzm pozğunluğu yarada bilər. Yeni yemə keçid mümkün olduqda tədricən, təxminən 1 həftə və ya daha uzun müddətdə edilməlidir. Amma küçə pişiyinə siz ilk dəfə yem verirsinizsə, əvvəlki yemini bilə bilmədiyiniz üçün bu keçidi idarə etmək mümkün deyil. Bu halda az miqdarda başlayın. Məsələn, bir ovuc quru yem və ya kiçik porsiya yaş yem verib reaksiyasına baxmaq olar.
Elmar
Gununsesi.info











