“Ləzzəti getdi” – CAVİD QƏMBƏROĞLU

  • By admin
  • 04 May 2020 12:56
Getdi torpağımız, getdi yurdumuz,
Vətən sözünün də ləzzəti getdi.
Yaşmaqlar yox oldu, həyalar itdi,
İzzətli olmağın ləzzəti getdi.
Dağlar yetimləyib təpələndilər,
Dalğalar bölünüb ləpələndilər.
Kişilər kiçilib gədələndilər,
Kişilik sözünün ləzzəti getdi.
Yaman dolaşıbdı halı dünyanın,
Ucuzdan ucuzdu malı dünyanın.
Aydan qısa olub ili dünyanın,
Vaxtın-vədənin də ləzzəti getdi.
Aşiqsən, eşqinə bax pəncərədən,
Özünü odlara yax pəncərədən.
Öpüş pəncərədən, ax pəncərədən,
Sevib-sevilmənin ləzzəti getdi.

Gununsesi.org