Maşın bazarı “razborka” qurbanı olub - EKSPERT

  • By admin
  • 01 İyul 2016 14:50

elmaddin

 

Ötən gecə Bakının Nizami rayonunda “Maşın bazarı” adlanan ərazidə yanğın baş verib. Gununsesi.info xəbər verir ki, əsasən avtomobil ehtiyat hissələrinin satıldığı bazarda baş verən qəfil yanğın tezliklə böyük bir ərazini əhatə edib. Yanğın bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verdiyindən alovun miqyası boyuyub. Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb. Yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb. Nəticədə 100 avtomobilin yandığı söylənilir.

Qeyd edək ki, hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, sahibkarlara küllü miqdarda ziyan dəyib. Lakin yayılan xəbərlərdə bazarın “razborka” qurbanı olduğu da deyilir. Baş verən yanğın hadisəsiylə bağlı nəqliyyat sahəsi üsrə ekspert Elməddin Muradlı gununsesi.info-ya bildirib ki, Nizami rayonunda yanan bazarda zaman-zaman təkər mafiyasınını mübahisələri olur. Ekspert yanğın hadisəsində qəsd halının olmasını da istisna etmir: “Sonucda isə bu cür hadisələrlə yekunlaşır. Yanğın baş verən bazarda maşın satılmır. Təkər, avtomobil ehtiyat hissələri, aksesusarlarınin satışı ilə məşğul olurlar. Hazırda maşın bazarı oradan köçürülüb. Yanğın baş verən ərazidə isə təkər monopoliyasıdır. Orada tez-tez rəqiblər arasında münqişələr baş verir. Ötən il də buna bənzər hadisə baş vermişdi. Gədəbəydən olan gənclər özlərinə yenicə biznes qururdular. Bir az güzəranlarını düzəltmişdilər. Onların da mağazası “yandı”. Hər halda onlardan eşitdiyimə görə, orada qəsd halı var idi. Bu da ona oxşar hadisədir. O bazarda kimsə bir az irəli gedirsə, hansısa qara əl onlara müxtəlif yollarla ziyan vurmaqla maneə yaradır. Güman edirəm ki, heç olmasa bu dəfə hüquq-mühafizə orqanları məsələylə ciddi məşğul olacaqlar. İqtisadi çətinlik dövründə insanlar bir az qazanc əldə edən kimi, arxasında müəyyən qüvvələr olan hansısa yekəbaş bazarda hegemonluq edir”- , deyə o bildirib.

E.Muradov hesab edir ki, bazarda xırda sahibkarların inkişaf etməsini iri sahibkarların gözü götürmür: “Özlərinin ambitsiyalarını qoyurlar. Deyirlər ki, “bazarda mənimlə hesablaşmalısan, malı ancaq məndən almalısan, yaxud mənim müştərimə niyə mal satırsan?” kimi mənasız xırdaçılıqlar edirlər. Sonu isə qalmaqal, yanğın qəza filanla davam edir. Bazarda yanan 100 maşının taleyinə gəlincə, ziyanın ödənilməsi icbari sığorta ilə düz gəlmir. Əgər orada kasqa sığortası olardısa, həmin ziyan ödənilə bilərdi. Lakin bazarın müdiri özü də əmlaka dəyən ziyanı ödənilməsi tələbiylə çıxış edə bilər. Əgər vaxtında təhkükəsizliklə bağlı sığortalar edibsə, əlbəttə, onda bazara yanğın nəticəsində dəyən ziyanı sığorta şirkəti ödəyəyərdi. Amma bu cür biabırçı bazarla, əslində, oraya bazar demək də doğru deyil. 1990-cı illərin əvvəllərindəki küçə ticarəti burada hələ də davam edir. Ona görə də inanmıram ki belə “bazar”ın rəhbəri sığorta haqqında fikirləşsin. Bu bazarın arxasında çox güclü bir məmur dayanıb. Bazar rəhbərliyi də ona güvənib sahibkarlarla istədiyi kimi rəftar edir. O bazarın üstündə çox mübahisələr olub. Hətta həmin ərazidəki tikinti mafiyası belə bunlarla çox haqq-hesab çürütmək itəyib. Amma hələ ki, fəliyyət göstərir. Yanğının baş verməsində bir versiya da bazarın köçürlməsi məsləsinin gündəmə gəlməsidir. Hesab edirəm ki, orada yeni tikinti işlərinin aparılması belə biabırçı bazarın fəaliyyət göstərməsindən qat-qat yaxşıdır. Bu bazar həmin ərazidə tıxac yaradan yeganə obyektdir. Hətta Nizami rayonu səlahiyyətliləri dəfələrlə orada infrastrukturn dəyişdirilməsiylə bağlı çıxışlar etsələr də, lakin indiyədək sözdən fəaliyyətə keçə bilməyiblər. Maşın bazarının oradan köçürülməsi müəyyən dairələrdə həzm olunmur. Baş verən xoşagəlməz hadisələr isə kiçik sahibkarlara ziyan vurur. Balaca yer kimi görünsə də, onun üstündə daim böyük qüvvələrin intriqası gedir”.

 

Gülnaz Qənbərli