Sabiq nazir: “Qeyri-neft sektorunda ixrac artırılmazsa manat ucuzlaşacaq”

  • By admin
  • 01 İyul 2016 14:43

fikrat

 

“Dövlət başçısı tərəfindən Azərbaycanda sahibkarlığın sürətli inkişafı üçün çox mühüm qərarlar qəbul edilib. İndi bütün işlər bu qərarları ən qısa zaman kəsiyində reallaşdıra biləcək mexanizmləri ortaya qoya bilməkdən asılıdır. Burada ləngimək olmaz. Bütün səylər qeyri-neft sektorundan ixracın həcminin artırılmasına yönəlməlidir”.

Bu fikirləri sabiq maliyyə naziri Fikrət Yusifov Gununsesi.info-ya son günlərdə manatın ucuzlaşmasının səbəbi, maliyyə bazarında yaranan vəziyyət və ölkə iqtisadiyyatının yaranmış durumdan çıxış yolları ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorundan ixracın həcminin isə əsaslı şəkildə artırılması çox vacib şərtdir: “Əks halda, manatın məzənnəsinin aşağı düşməsi baş verə bilər. Buna görədə vəziyyətin nizama salınmasının yeganə doğru yolu, dövlət başçısının təşəbbüsü ilə keçən ilin sonlarından başlayan iqtisadi islahatları sürətlə reallaşdırmaqdan ibarətdir. Potensial imkanlar kifayət qədər böyükdür”.

Manatın məzənnəsinin ucuzlaşmasına gəldikdə sabiq maliyyə naziri deyib ki, son günlər valyuta bazarında bir qədər bundan öncə baş verən prosseslərin əksi müşahidə olunmağa başlanıb: “Daha doğrusu, əgər bir ay öncəyə qədər manatın məzənnəsinin getdikcə möhkəmlənməsi müşahidə olunurdusa, axır günlər bunun əksi baş verir. Bu prosses tək manatın məzənnəsi ətrafında baş vermir. Bütövlükdə dollar bahalaşmağa üz tutub. ABŞ dollarının bahalanmasının ilk növbədə İngiltərədə keçirilən referendiumun nəticələri ilə bağlıdır”, – deyə sabiq nazir vurğulayıb.

F.Yusifov deyib ki, ingilislərin Avropa Birliyinə yox deməsi maliyyə və əmtəə bazarlarında müəyyən dərəcədə şok effekti yarada bildi. “Referendiumun nəticələri elan edilən kimi neftin qiymətləri bir günün ərzində 5,16% ucuzlaşaraq 51,0 dollardan 48,37 dollara düşdü. İngilis funtu isə öz dəyərini görünməmiş bir həddə itirdi”, – deyə sabiq nazir vurğulayıb.

Onun fikrincə, dünyanın iqtisadi və siyasi meydanlarında baş verən bəzən çox kiçik bir gəlişmənin belə bazara təsiri mümkündür: “Bizlərə bunun belə olduğunu qəbul etmək bir qədər çətindir, çünki son illər ərzində biz bir qayda olaraq manatın məzənnəsinin sabit olduğunu və hətta onun xaricin valyutalara nisbətən bahalaşmasını müşahidə edə bilmişdik. Dünya bazarlarında neftin qiymətlərinin uzun müddət sabit qala bilməsi və həm də onun yüksək olması, mantın nəzənnəsindəki bu mənzərəni yaradan başlıca səbəblərdən biri idi. Neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu səbəbdən ölkəyə daxil olan valyuta gəlirlərinin bir neçə dəfə azalması, keçən ilin əvvəllərindən başlayaraq manatın məzənnəsi ətrafında sabitlik həlqəsini daraltmağa başladı. Nəticə etibarilə, ötən ilin 2 kəskin devalvasiyası manatı iki dəfə ucuzlaşdırdı və o üzən məzənnəyə keçməli oldu.”

F.Yusifov hesab edir ki, üzən məzənnənin mövcud olduğu bir şəraitdə manatın dəyərinin bir ay ərzində 5 qəpik bahalaşması və sonrakı bir ay ərzində 5 qəpik ucuzlaşması tam normal bir haldır. “Üzən məzənnəyə keçdikdən sonra manatın dəyərində bir günün ərzində keçən ilin fevral və dekabr aylarında olduğu kimi kəskin dəyişikliyin baş verməsi real deyil. İndi sadəcə olaraq manatın məzənnəsi valyuta bazarındakı reallıqlara uyğun olaraq tənzimlənir. Mərkəzi Bank zəruri hallarda bütün vasitələrlə bazara müdaxilə edə bilir, çünki manat tam sərbəst üzən məzənnəyə deyil, tənzimlənən üzən məzənnəyə keçirilib. Mərkəzi Bank bu ilin sonuna qədər manatın məzənnəsində ciddi bir dəyişikliyin olmayacağını bəyan edib. Lakin bir məsələni unutmaq olmaz ki, bunun üçün ilin ikinci yarısında neftin qiymətlərinin ən azından 50-60 dollar həddində olması, qeyri-neft sektorundan ixracın həcminin isə əsaslı şəkildə artırılması çox vacib şərtdir”, deyə o qeyd edib.

 

Mürtəza Bunyadlı