MEK Vatikandan poçt markaları alıb

  • By admin
  • 22 Yanvar 2018 11:12

Vatikanda Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycan, Gürcüstan Meksika, Polşa, Yunanıstan, İsveç səfərlərinə həsr olunmuş xüsusi poçt markaları buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, AMEA Mərkəzi Elmi Kitabxanası bu markaları əldə edərək kolleksiyasını zənginləşdirmək məqsədilə İtaliyanın Ca Foscari Venezia Universitetinə müraciət edib.

MEK-in müraciəti əsasında İtaliyanın Ca Foscari Venezia Universitetinin Linqvistika kitabxanası beynəlxalq kitab mübadiləsi çərçivəsində Papanın Azərbaycana və digər ölkələrə etdiyi səfərə həsr olunmuş markalar göndərib. Azərbaycan və Gürcüstana səfərinə həsr edilən poçt markasında katoliklərin dini liderinin arxa fonunda Bibiheybət məscidinin şəkli əks olunub. Məlumat üçün bildirək ki, MEK beynəlxalq kitab mübadiləsi çərçivəsində Ca Foscari Venezia Universitetinin istəyi ilə Azərbaycanda nəşr olunan “Türkologiya”, “Azərbaycan Arxeologiyası və Etnoqrafiyası”, “Folklor və Etnoqrafiya” elmi jurnallarını İtaliyaya göndərilib.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın markalar kolleksiyasında 1042 marka var. “Azərmarka” şirkəti tərəfindən MEK-ə 137 ədəd marka təqdim edilib. Markaların 905 ədədini kitabxana elektron formatda əldə edib. Markalardan 1020-si Azərbaycan, 22-si ingilis, ukrayna, moldova, rus, belarus, çex dillərindədir. 120 marka Azərbaycan-ingilis dilində çap olunub. Kitabxananın Nadir kitab fondunda mühafizə edilən markalar elektron kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Gülnaz Qənbərli

Gununsesi.info