MSK qərar verdi - Referendumun nəticələri oktyabrın 21-də açıqlanacaq

  • By admin
  • 27 İyul 2016 16:40

msk

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Gununsesi.info-nun məlumatına görə, iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiqlənib.

İclasa referendumla bağlı bəzi müddəaları diqqətə çatdıran MSK katibi Arifə Muxtarova Seçki Məcəlləsində referendumla bağlı bildirişlərin çap olunmasıyla bağlı qeyd edib ki, bu iş avqustun 17-də başa çatacaq.

A.Muxtarova bildirib ki, səsvermə prosesində “exit-poll” keçirmək istəyən təşkilatlar sənədləri sentyabrın 6-na kimi təqdim edə bilərlər. onun sözlərinə görə, səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək. Referendumun yekun nəticələri isə oktyabrın 21-dək açıqlanacaq.

Referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və Ədliyyə, Daxili İşlər, Maliyyə nazirliklərinin ekspertlərindən ibarət işçi qrupu yaradılıb.

MSK sədri Məzahir Pənahov seçki ilə bağlı maarifləndirmə tədbirlərinin önəmliliyini vurğulayıb bildirib ki, komissiya üzvləri bununla bağlı televiziya vasitəsilə çıxışlar da edəcəklər.

Gülnaz Qənbərli