MTN generalı üçün türməyə telefon keçirilməsi qalmaqalı böyüyür

  • By admin
  • 28 May 2016 00:10

muzeffer

“Təcridxana rəhbərliyində onunla bağlı əməliyyat məlumarı olub”

 

 

MTN-nin hazırda həbsdə olan generalları Akif Çovdarov və Teymur Quliyevin vəkili Arif Rəsulov onlardan birinə mobil telefon vermək istəyərkən saxlanılması və barəsində cinayət işi açılması xəbəri ötən gün əsas müzakirə mövzularından biri olub.

Adıçəkilən vəkilin olayı gizlətməyə çalışması onun hüquqşünas həmkarlarınının da diqqətindən yayınmayıb.

Tanınmış hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında Arif Rəsulovun özünün yalan danışdığını deyib. Müzəffər Baxışov bildirib ki, vəkilin telefonu unudaraq təcridxanaya keçirməsi mümkün deyil: “Təcridxananın qapısında əsgərlər dayanır və onların vəkillərə ilk xəbərdarlığı telefonla bağlı olur. Digər tərəfdən Arif Rəsulov deyir ki, o həmin telefonu 20 ildir işlədir. O zaman necə olub ki, 20 il işlətdiyi telefonu unudub. Mən sizi əmin edirəm ki, o yalan danışır. Böyük ehtimalla təcridxana rəhbərliyində Arif Rəsulovla bağlı əməliyyat məlumatı olub və o, axtarış nəticəsində ifşa edilib. Bu Arif Rəsulovla bağlı birinci hal deyil.

Qeyd edim ki, Arif Rəsulov Vəkillər Kollegiyasının intizam komissiyasının sədridir, həmçinin kollegiyanın sədri Azər Tağıyevin agenti kimi tanınır. Məhz onun əlilə kollegiya üzvü ləyaqətli vəkillər ləkələnir. Mənim də kollegiyadan çıxarılmağımda onun rolu olub. Arif Rəsulov iddia edirdi ki, guya mən moderator.az saytına müsahibəmdə bir vəkil kimi Ali Məhkəmənin sədri Ramiz Rzayevi ittiham etmişəm. Lakin mən bu fikirləri müstəqil hüquqşünas kimi səsləndirmişəm və bir daha deyirəm ki, Ramiz Rzayev korrupsiya ilə məşğuldur.

Mətubatda gedən məlumatlara görə, Azər Tağıyevin ləğs olunmuş MTN-in keçmiş rəhbərliyi ilə sıcaq münasibətləri olub. Hətta indi də Eldar Mahmudovla əlaqələrinin olduğu bildirilir. Yəqin ki, onlardan gələn sifarişləri Arif Rəsulov vasitəsilə icra edirmiş. Mən Arif Rəsulov barədə 317-1.2-ci maddə ilə cinayət işi başlanmasını müstəb hal sayıram. Əminəm ki, araşdırma aparılacağı təqdirdə onun başqa cinayət xarakterli əməlləri də üzə çıxacaq.

Sonda buradan Arif Rəsulova müraciət edirəm: Arif Rəsulov, heç 40 gün keçməmiş Allah mənə qarşı etdiyin sifarişli, qərəzli hərəkətlərinin cəzasını verdi. Sən ifşa olundun. Sənin qanunsuz hərəkətlərin nə vaxtsa qarşına çıxmalıydı və çıxdı. Allah sənin cəzanı daha sərt edəcək, sən buna layiqsən”.