
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də metronun “28 May” stansiyasının platformasında Şəki şəhər sakini İlahə Nəsibovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Əli İsayev tutulub.
Bundan başqa fevralın 8-də Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Çiləgir kənd sakini, əvvəllər məhkum olunmuş Zabit Hacıyev Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırmalar zamanı onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirməsi də müəyyən edilib.
RPŞ əməkdaşları tərəfindən B.Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.
Eyni zamanda Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-dən 25-dək olan müddətdə Türkan qəsəbəsindəki 2 evdən 4.000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Rəvan Məmmədov və Təmraz Quliyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Anar
Gununsesi.info









