Son illər Azərbaycanın beynəlxalq arenadakı fəallığı və geosiyasi əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artıb.
Bu marağın mühüm göstəricilərindən biri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirdiyi çoxsaylı görüşlərdir.
Bu görüşlər Azərbaycanın beynəlxalq mövqeyinə necə təsir göstərə bilər?
Gununsesi.info -ya danışan politoloq Turan Rzayev vurğulayıb ki, mövzunu belə şərh edib:
“Prezidentin Nyu-York səfərinin gündəliyi ölkənin beynəlxalq mövqeyini gücləndirən strateji addımlarla müşahidə olunur. Bu səfər yalnız rəsmi çıxış və görüşlərdən ibarət deyil, həm də Azərbaycanın xarici investisiyalar sahəsində cəlbediciliyini artırmaq və yeni iqtisadi əməkdaşlıq imkanları yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Prezidentin dünyanın ən nüfuzlu maliyyə idarəetmə şirkətlərinin rəhbərləri ilə görüşləri ölkənin maliyyə bazarlarında yaratdığı inamın göstəricisidir. Məsələn, “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi şirkətlər hazırda qlobal maliyyə bazarlarında əsas söz sahibidirlər”.
Politoloq bildirib ki, bu şirkətlər yalnız böyük sərmayələr yatırmaqla kifayətlənmir:
“Onlar həm də iqtisadi trendləri formalaşdıran, qlobal kapitalın istiqamətini müəyyənləşdirən qurumlardır. Azərbaycanın onlarla əməkdaşlıq etmək istəməsi ölkənin regional və beynəlxalq iqtisadi arenada etibarlı tərəfdaş kimi tanındığını göstərir.
Bu, təsadüfi deyil və bir neçə amillə bağlıdır. İlk növbədə, regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyişlər regionu sabit və təhlükəsiz platformaya çevirib. Ən önəmlisi isə odur ki, bu sülh prosesinin əsas təminatçısı və qarantı kimi ABŞ çıxış edir ki, bu da Qərb dünyasının regiona inamını artırıb.
Azərbaycanın zəngin enerji resursları, inkişaf edən infrastruktur layihələri, əlverişli coğrafi mövqeyi və islahatlara əsaslanan iqtisadi siyasəti investorlar üçün real və cəlbedici imkanlar təqdim edir.
BMT çərçivəsində keçirilən görüşlərin təşkili isə Prezidentin beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun göstəricisidir. Qarşı tərəfin müraciətləri əsasında keçirilən bu görüşlər ölkəmizə marağın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bu, həm də Prezidentin diplomatik münasibətlərinin və xarici siyasətdəki uğurlarının nəticəsidir.
Belə görüşlər Azərbaycanın qlobal müstəvidə mövqeyini gücləndirməklə yanaşı, qarşılıqlı faydalı əməkdaşlıqların genişlənməsinə zəmin yaradır”.
Gülxanım Əliyeva










