
2017/2018-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.
Gununsesi.info kluba istinadla xəbər verir ki, David Pietrzkieviç və Murad Musayev yeni mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcəklər. Bunadək isə komanda Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı.
2013-2014-cü il və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən D.Pietrzkieviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
2012/2013-cü il mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən M.Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.
“Qəbələ” rəhbərliyi D.Pietrzkieviç və M.Musayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Bununla yanaşı, klub heyətini daha iki futbolçu ilə gücləndirib.
İndiyədək İlqar Qurbanovla müqavilə bağlayan “qırmızı-qaralar” qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovu da heyətinə qatıb. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Karyerasına “Bakı” klubunda (2007-2014) başlayan A.Məmmədov 2015-2016-cı illərdə “Neftçi”də qapıçı kimi çıxış edib. Oyunçu 2016-2017-ci il mövsümünü AZAL-da keçirib. Azərbaycanın U-21 yığmasında oynamış qolkiper 2015-ci ildə əsas milli komandada debüt edib. O, millidə 1 oyuna çıxıb.
Digər oyunçu Elvin Məmmədov peşəkar karyerasına 2005-ci ildə “Turan”da başlayıb. 2007-ci ilədək bu komandada çıxış edən yarımmüdafiəçi sonradan “İnter” (2008-2009-cu il, 2014-2015-ci il), “Qarabağ” (2009-2011-ci il, 2015-ci il), “Bakı” (2011-2014-cü il) və “Zirə”nin (2016-cı il) şərəfini qoruyub. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış E.Məmmədov 2008-ci ildə əsas milli komandada debüt edib. Futbolçu millinin heyətində 37 oyun keçirib və 7 qol vurub.
Gununsesi.info










