Qənaət edib, büdcəyə qaytarınca, qazilərə xərcləyin!

  • By admin
  • 27 Aprel 2022 22:36

Türk mediasında biz şəhid ailələri və qazilərin problemlərinə rast gəlməmişik. Çünki qanun var, bu qanun işləyir və problemi də mediaya çıxarmağa ehtiyac olmur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Qadın Konsensus Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində aprelin 27-də təşkil etdiyi növbəti dəyirmi masadakı çıxışında qurumun rəhbəri Aynur Camalqızı deyib.

A.Camalqızı bildirib ki, qanun təkmilləşdirilməlidir və bu zaman Türkiyə modelindən istifadə etmək olar.

Qurum rəhbəri, eyni zamanda, bir sıra təkliflər də səsləndirib:

“Müəyyən qurumlar var ki, məbləğə qənaət edərək onu büdcəyə geri qaytardıqlarını deyirlər. Olmazmı ki, o məbləğlər şəhid ailələrinin, qazilərin probleminin həllinə yönəldilsin. Şəhidlərimizin analarının işlə təmin olunmasına diqqət yetirilməlidir. Sadəcə maddiyyat üçün yox, başlarını qatmaq, bir işlə məşğul olmaq üçün bu olmalıdır. Eyni zamanda şəhid xanımları sadəcə uşaq boyütməklə kifayətlənməsinlər deyə, işlə təmin olunmalıdırlar. Bu, dövlət sektoru ilə yanaşı, özəl sektora da tətbiq olunsun.

Ali təhsil almaq istəyən şəhid xanımları imtahansız ali məktəblərə qəbul olunmalıdır”.

Aynur Camalqızı Tərtər işi ilə bağlı bəraət alanlara təzminat təyin olunmasını da təklif edib.

Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin şəhid ailələrinin sosial problemlərinin öyrənilməsi yönündə həyata keçirdiyi layihə çərçivəsində dəyirmi masada səsləndirilən təkliflər ümumiləşdiriləcək və təkliflər şəklində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), həm də Milli Məclisin müvafiq komitələrinə, eyni zamanda digər aidiyyəti qurumlara təqdim ediləcək.

Gununsesi.info