Qardaşı Elçibəyin sirlərini açır -MÜSAHİBƏ

  • By admin
  • 12 İyun 2016 16:57

ALMURAD-300x225

İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasından 78 il ötür. Bu münasibətlə moderator.az saytı Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevdən müsahibə götürüb.  Gununsesi.info həmin müsahibəni təqdim edir.

 

– Almurad bəy, ilk öncə Elçibəyin uşaqlığından danışmağınızı istərdik. Bildiyimiz qədər Elçibəy hələ uşaqlıqdan qeyri – adi biri olub.
– Biz o vaxt yaylaqda olurduq, Bəy də elə yaylaqda anadan olmuşdu. Bəy doğulan günü seçki idi, rəhmətlik atam piyada gedib səs verib qayıtmışdı. Anamın da səs verməsi üçün alaçığa iki adam göndərmişdilər. Həmin iki adam gözdən itənə qədər uşaqlar onların arxasıyca “uçastok, uçastok” qışqırmağa başlamışdılar. Sonra elə balaca Elçibəyə də “uçastok deyirdilər”. Adını Miryəhya ağa Qurani Kərimdən qoymuşdu. Quranı açıb “Çox gözəl addır- Əbülfəzl, Əbülfəz” demişdi. Qoç kəsmişdilər, şadlıq eləmişdik.
Əbülfəzi nənnidə qoyub gedərik qoyun sağmağa. Gələndə görərdik ki, iri bir ilan qıvrılıb yatıb nənnisinin altında. Rəhmətlik Mehrab babam vardı, dədəmin əmisi idi, əzəmətli kişiydi. Deyirdi ki, nəbadə o ilana əl vurasız, o ilan onu qoruyur. Mehrab babam həmişə deyirdi ki, bu padşah olacaq.
Bir yaşında artıq danışırdı, gülürdü, oynayırdı, evimizin istəkli uşağı idi, həm də qorxmaz idi. Heç 3-4 yaşı olmazdı, bir gün gördük ki, qara uzun bir ilanı götürüb gəlib, ay nənə, cücü tutmuşam deyir. Nənəm qorxusundan əsməyə başladı, ay bala, cücü yazıqdı, burax getsin deyəndən sonra ilanı buraxdı. Böyüyəndən sonra da ilan tuturdu. Dörd yaşı olanda uşaqlar onu ata mindirib alaçığın ətrafında fırladırdılar. Çox vaxt balaca vedrəni götürüb arxdan su gətiridi, anama kömək edirdi.
Birinci sinfə gedəndə nədənsə müəllimdən xoşu gəlmədi, qaçdı birinci sinifdən. Sonra ikinci sinfə getdi, ikinci sinfə başlayan kimi hər gün beş aldı, yaxşı oxudu. Yeddinci sinifdə oxuyanda savadı ilə hər kəsdən seçilirdi. Rəhmətlik direktorumuz ədəbiyyat müəllimi idi, Əbülfəzi göndərirdi ki, onun dərsini keçsin. Bir dəfə rayon maarif şöbəsi müdiri bir neçə müəllim və idarə müdirləri ilə birlikdə kəndimizə gəlmişdi. Dayım onlarçün erkək kəsib qonaqlıq vermişdi. Onda Əbülfəzi sorğu-sual eləmişdilər, bütün suallara cavab vermişdi deyə xoşlarına gəlmişdi. Adını, familyasını yazıb götürmüşdülər, dayıma da demişdilər ki, bu uşaq rayon məktəbində oxumalıdır, sentyabrın birindən yolla gəlsin, Ordubad rayon 1 nömrəli məktəbdə oxuyacaq. Üç il də Ordubadda oxudu. Sonra mən əsgərliyə getdim, əsgərlikdən gələndə Əüblfəz artıq instituta qəbul olmuşdu. Özü öz başıynan universitetin şərqşünaslıq fakültəsinə daxil olmuşdu.
– Tələbəlik illərini necə xatırlayırsınız? Universitet həyatında nələri dəyişdi? 
– 1957-ci ildən tələbəlik həyatı başlamışdı, birinci il Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb dili üzrə oxuyurdu. Özünün danışdığına görə birinci il Əbülfəz üçün çox çətin keçmişdi. Bakı mühitinə öyrəşmək, kənd həyatından ayrılmaq, qardaşlardan, anadan, ailədən uzaq düşmək, şəhərdə heç kimimizin olmaması onu çox darıxdırırmış. Birinci kursdan sonra istəyir ki, universitetdən çıxıb hərbiyə getsin. Ancaq müəllimlərinin və tələbə yoldaşlarınını təkidi ilə fikrindən daşınır. İkinci kursdan başlayaraq isə oxuduğu ixtisası sevməyə başlayır. Mən əsgərlikdən qayıtdıqdan sonra yanına gedirdim, sovqat aparırdım.
Əbülfəz üçüncü kursu bitirən ili qardaşım Muradı cavan kadr kimi yeraltı qazma işləri aparmaq üçün Kəlbəcərə işləməyə göndərmişdilər. İş yeri Tutqu çayının vadisində, Azərbaycanın Şvetsariyası deyilən ərazidə idi. Əbülfəz kəndə yay tətilinə gəlmişdi, qardaşım xəbər yollamışdı ki, Kəlbəcərə gedək. Həmin il yay tətilini orada keçirdi. Xudu müəllimlə tanış olmuşdular, günləri bir yerdə keçirdi, kitab oxuyurdular, balıq tuturdular. Yay tətilini başa vurdu, mən onu aparıb Kəlbəcərdən Bakıya yola saldım. Kəlbəcər dağlarını necə sevmişdisə, o biri il də yay tətilini qardaşımın yayında keçirdi. Günləri xoş keçirdi, hər həftə Qotur su deyilən yerə gedərdilər. Xudu müəllimlə o qədər yaxın dost olmuşdular ki, Əbülfəzə rəis vilisi veribmiş ki, darıxmasın. Beşinci kursu bitirəndə isə daha tətilə gələ bilmədi, universiteti bitirirdi, təyinatını xaricə tərcüməçi kimi verdilər. Əvvəlcə Moskvaya, ordan da Misirə göndərdilər.
– Nədənsə Misirdə çox işləməyib geri qayıdır… 
– Onu Misirə də bir qədər gec göndərmişdilər. Moskvada olanda məktub yazmışdı ki, yoldaşlarımın hamısını göndəriblər, mənsə hələ ordayam. Onda nazir Mustafabəyli Tutquya getmişdi, Əbülfəzi soruşmuşdu. Qardaşım demişdi ki, hələ Moskvadadır, xaricə getməlidir, ancaq nədənsə yubanır. Nazir Mustafabəyli də demişdi ki, Moskvada çoxlu tanışlarım var, mənə niyə deməmisiz. Nazir gedəndən sonra Əbülfəzi Misirə göndərmişdilər. Orada çox darıxdığına görə Misirdə qala bilmədi, anam üçün çox darıxırdı, anama o qədər bağlı idi ki, and içəndə də anamın canına and verirdi. O zaman məktub da yazırdı, deyirdi ki, burdakı adamlara öyrəşə bilmir, bacardığı qədər tez çıxıb gələcək, gəlib aspiranturada oxuyacaq. Məktub yazanda belə 3-4 aya gəlib çatırdı əlimizə, çatanda da zərflər açılmış olurdu.
1964-cü ildə qayıdıb Bakıya gəldi, Murad qardaşımla birlikdə getmişdik ki, qarşılayıb Ordubada aparaq. Ancaq o gedə bilmədi, sovet pasportu yox idi deyə Moskvaya qayıtmalı idi. Həm də işlədiyi vaxtın pulun almamışdı. Qardaşım çıxıb rayona getdi, mənsə Bakıda qalıb Əbülfəzi Moskvaya yola saldım. Noyabr ayı Moskvadan qayıdıb gəldi, bütün sənədlərini düzəldib birbaş Kələkiyə gəlmişdi. O vaxt xaricdən gələnlər dolu maşınla gəlirdi, o isə iki çemadanla gəlmişdi, çemadanın biri də ancaq kitab idi.
Misirdən vaxtından əvvəl qayıtması söz-söhbətə səbəb olmuşdu. Deyirdilər ki, güya işləyə bilməyib və ya Misir dövlətinin əleyhinə təbliğat aparıb, ona görə də vaxtından əvvəl geri qaytarıblar. Əlbəttə ki, bunlar dedi-qodudan başqa şey deyildi.
– Misirdən qayıtdıqdan aspiranturaya qəbul olub. Mümkünsə az da olsa həmin illərdən danışardınız…
– Hə, dediyni elədi, qayıdandan sonra aspirant oldu. Elmi rəhbəri də görkəmli alim Ziya Bünyadov idi. Bir müddət mehmanxanada qalmışdı. Daha sonra dostlarının təkidi ilə ona dağüstü məhəllədə ev aldılar. Orda qalırdı, oxuyurdu, bizim də vəziyyətimiz onda yaxşı idi, korluq çəkməsinə imkan vermirdik. İki həftədən bir yanına gedirdik, sovqat aparırdıq, dostları, qonaqları onu darıxmağa qoymurdu. Özü də Kəlbəcərə gəlirdi, gəzirdi, ordan anamın yanına Kələkiyə gedirdi. 10-15 gün anamla qalıb yenidən Bakıya qayıdırdı. Kəlbəcərə gələndə işlərimizlə maraqlanırdı, fəhlələrlə söhbətlər edirdi, onları maraqlandıran sualları cavablayırdı. Millətin tarixindən danışırdı, uşaq vaxtından milliyətçi idi, ağlı kəsəndən millət, millət deyirdi.  Xaricə gedib gələndən sonra millətçiliyi daha da artmışdı.
1967-ci ildə mənim toyum oldu, toyun bütün hazırlıq işləri bitmişdi, hamı Əbülfəzi gözləyirdi. Nəhayət özünü yetirdi, toyda Süleymanini oynamışdı, hər kəsin xoşuna gəlmişdi. Həmin dönəmlərdə artıq kənd camaatı ona “müəllim” deyirdi, dostları, yoldaşları isə onu “Bəy” deyə çağırırdılar. Keçmiş “Uçastok”, “uçili”, “millət” adları unudulmuşdu artıq.
Elmi işini 1965-70-ci illə arasında hazırladı, həmin müddətdə Moskva, Leninqrad, Bakı, Tiflis, Özbəkistan arxivlərinə, kitabxanalarında araşdırmalar aparmışdı. Elmi işi Azərbaycanda yeni bir mövzu idi, “Tulinlər dövləti” adlanırdı. Gün təyin olundu, Əbülfəz müdafiəsin elədi, yaxşı bir qonaqlıq təşkil etdik, qardaşım Murada rayondan 50-60 kiloluq 3 erkək gətizdirmişdim. Ziyafətə rayondan qohumlar da gəlmişdi. Rəhmətlik Ziya Bünyadov çıxış edib Əbülfəzi təbrik etdi, dayım da ailəmiz adından Z.Bünyadova təşəkkür etdi. Yeməkxanada qurduğumuz ziyafətdə çoxlu müəllimlər, tələbələr iştirak edirdi, sanki toy qurmuşduq.
– Dediniz ki, artıq hamı Əbülfəzə “müəllim” deyə xitab edirdi. İstərdim ki, məqamı gəlmişkən bir qədər də müəllim Əbülfəz Əliyevi xatırlayardıq. Müəllim işlədiyi illərdən, necə bir müəllim olduğundan bəhs edərdiniz…
– Aspiranturanı bitirib müdafiə edəndən sonra onu ADU-nun Asiya-Afrika ölkələri tarixi kafedarsına müəllim götürdülər. 1970-ci ildən artıq ailəmiz onu müəllim deyə çağırırdı. Müəllim yoldaşları isə bəy-müəllim deyib soruşurdular. Müəllimliyə başlamasıyla gizli təşkilat işlərində məhsuldar dövrü də başladı. Bu işlərə görə artıq 1968-ci ildən DTK onun izinə düşmüşdü, hətta onu xəbərdarlıq da etmişdilər. Müəllimlik dövründə isə tələbələr arasında apardığı təbliğatlar açıq, qabarıq şəkilə keçdi. O tələbələrə danışırdı, tələbələri də rayonlarda onun danışdıqlarını danışırdılar, artıq iki bir, üç bir tərəfdaşlar yaradılırdı. Bunları Əbülfəzin məhkəməsi zamanı şahidlərin danışıqlarından öyrənmişdik. Müəllimlik etdiyi dövrdə ADU-nun bütün müəllim və tələbələri onu tanıyırdı. İmtahanlar zamanı yanına çoxlu tələbələr gələrdi, başqa institutların müəllimlərinin qiymət yazmadığı tələbələr belə ondan qiymət yazdırmağı xahiş edərdilər. Onları  danlayardı ki, kasıb ailələrin övladlarısız, rayondan oxumağa gəlmisiz, oxuyun da, nə qədər tapşırmaq olar. Ancaq ürəyi dözməzdi yenə də, yanlarına düşüb gedib qiymətlərin yazdırardı.
Ürəyi çox yuxaydı, onunçün dost, düşmən fərqi yox idi, bacardığı qədər  millətinə yaxşılıq edərdi. Özünün ehtiyacı olan şeyi də özünə saxlamayıb başqasına verərdi. Xaricdən gələndən sonra aldığı evi belə dostlarına bağışlamışdı, öz ehtiyacı ola-ola. Dostu ailə qurduğuna görə evini təmənnasız onlara verib, özü yenidən kirayə çıxmışdı.
Tez-tez kirayə qaldığı mənzilləri dəyişirdi, qardaşım Muradın qızı da instituta girmək üçün müəllim əmisiylə birlikdə qalırdı. Ev dəyişməsinə səbəb də DTK-nın onu təqib etməsi olurmuş. Əbülfəz müəllimlik etdiyi 5 ildə böyük təhlükələrlə qarşı-qarşıya qalıb. Hər zaman DTK-nın işçilərinin nəzarəti altında olub, nasionalist, Alik, Aliyarov, Adamov və s. adlar altında şəhərin hər yerində izlənilib. Moskvaya, Leninqrada ezamiyyətə getdiyi vaxtlarda belə.
– Almurad bəy, Əbülfəz bəyin həbs olunduğu vaxtları necə xatırlayırsız? 
– 1972-74-cü illərdə müəllim dostlarının, qohumlarının toy ziyafətlərində Bütöv Azərbaycan, türkçülük haqqında dedikləri DTK-nın nəzərindən qaçmamışdı. Onun türkçülüyü təbliğ etməsi, Bütöv Azərbaycan uğrunda mübarizəsi məhkəmə dövründə şahidlərin dindirilməsi zamanı bir daha səsləndirilirdi. 1975-ci ilə kimi DTK tərəfindən izlənmişdi, bəzi tələbələr və alimlərdən izahatlar alınmışdı, sənədlər, materiallar toplanmışdı. Beləliklə də onun həbsi hazırlanmışdı. Özünün dediyinə görə onu bir neçə dəfə çağırıb xəbərdarlıq da ediblərmiş. Ona görə də tutulacağını bilirdi.
1975-ci ildə düz beş dəfə ev dəyişmişdi. Sonuncu dəfə Novella Cəfəroğlunun həyat yoldaşı Vilen Epelbaumun evində qalırdı. Vilen geoloq idi və ailəmizin yaxın tanışı idi. Balakəndə geoloq işlədiyi üçün Bəsti Bağırova küçəsindəki bir otaqlı mənzilini açarlarını yaşamaq üçün Əbülfəzə vermişdi. DTK Vileni, Novella Cəfəroğlunu da hərtərəfli yoxlamış, onlarıdan da izahat almışdı. Vilengil yazmışdılar ki, qardaşları geoloq yoldaşlarımdır, ata-baba tanışıq. Ondan sonra əl çəkmişdilər.
1974-cü ilin noyabrın 20-də Əbülfəzin qaldığı evin qapısı bərk döyülür. Dayımoğlu Seyfəddinlə qardaşımın qızı Səadət evdə olur. Seyfəddin durub yuxulu-yuxulu qapını açır, qayıdıb yerinə girir, evə kimin gəldiyini anlamır. Evin ortasından pərdə çəkilibmiş, pərdənin arxasında da Səadət yatıbmış. Səadət pərdənin arxasındaca əmisinin bir neçə sənədini və evdəki bayrağı bədənində gizlədir, sonra çıxır gələnlərin qabağına. Əmisini soruşurlar, o da təmkinini pozmadan cavab verir ki, iki gündür harasa gedib, hələ gəlməyib. Evi axtarmışdılar, bir neçə yazıları götürüb getmişdilər. Gedəndə də Sədaətə demişdilər ki, əmin gələndə bu nömrəyə zəng vurar. Həmin vaxt Kələkidəki evimizdə də axtarış aparmışdılar.
 
– Əbülfəz bəy harda olmuşdu o gün?
– Tiflisdəymiş. Səhərisi gün evə qayıdanda Səadət qəhərlənmiş halda əmisinə hər şeyi danışır. Əbülfəz Səadətə tapşırır ki, belə vəziyyətlər çox ola bilər, səbrli olmaq lazımdır. Səhər Əbülfəz instituta gedir, verilən nömrəyə zəng vurur, onu DTK-ya çağırırlar. Evinin axtarılması, DTK-ya çağırılması instituta yayılır. Özü bilir ki, artıq bu gün-sabah tutulacaq, ancaq özünü hər yerdə təmkinli aparır. 1975-ci ilin yanvarında da həbs edilir. Həbs olunanda təmkinini itirmir, ciblərini də sakitcə özü boşaldır, onların üst-başını axtarmasına imkan vermir.
– Həbsdə yatdığı vaxtda görüşə bilirdinizmi? Orda incitmirdilər ki, Əbülfəz bəyi?
(Ardı var…)