Dünən xalqımız Zəfər Gününü qeyd etdi. Bu tarixi günə sevinsəm də, həm də kədərli anlar yaşadım. Çünki Azərbaycan dövləti və Ulu Öndər qarşısında misilsiz xidmətləri olan oğlum Hüseyn Abdullayev həbsdə ölümlə çarpışır.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva bildirib.
Onun sözlərinə görə, dünən də övladını həbsxanada ziyarətə gedib:
“Hər dəfə onu görəndə ölüb-dirilirəm. Hüseynin heç bir günahı yoxdur, amma 7 ildir ki, bayram keçirməyə həsrət qoyublar. Yaşımın bu çağında həbsxana qapıları arxasında qalmışam. Azərbaycan Prezidentindən xahiş edirəm ki, oğlumu azadlığa buraxsınlar. Təkrar edirəm, onun heç bir günahı yoxdur və bu dövlət, Ulu Öndər, Cənab Prezident qarşısında xidmətləri olub.”,- deyə o, əlavə edib.
Zeynəb Abdullayeva həmçinin Hüseyn Abdullayevin vəziyyətinin ağır olduğunu bildirib:
“Hüseynin vəziyyəti də hazırda çox ağırdır. Bəlkə də, bu sözləri bir ana fəryadı kimi başa düşərlər, amma yox, ortada həkim rəyləri də var.Oğlum həbsxanada infarkt keçirib, ciddi şəkildə müalicəsi belə aparılmır. O vəziyyətə çatdı ki, sonuncu məhkəmə prosesinə online formada da qatıla bilmədi. Ayaq üstə dura bilmir, çətinliklə yeriyir. Yanında məhbus yoldaşları olmasa, necə olacağını da bilmirəm.”
Xatırladaq ki, Almaniyada siyasi mühacir həyatı yaşayan Hüseyn Abdullayev 7 il əvvəl Türkiyəyə gələrkən orada tutulub və Azərbaycana təhvil verilib.
O, 6 il azadlıqdan məhrum olunma cəzasına məhkum edilmişdi.
Azadlığa çıxmasına iki ay qalmış ona yeni ittihamlar elan olunub.
Bir sıra beynəlxalq təşkilatlar Hüseyn Abdullayevi siyasi məhbus hesab edir.