
Əməkdar Mədəniyyət işçisi, “Şöhrət” ordenli, “Azərbaycan Xalçaları” İB-nin sədri, “Nur Art House” qalereyasının rəhbəri, ADMİU-nun professoru, sənətşünaslıq elmləri doktoru Röya Seyfəddin qızı Tağıyeva uğurlu nailiyyətlərinə görə ilin sonunda Avropa Elmi Cəmiyyəti tərəfindən təltif olunub.
Gununsesi.info xəbər verir ki, Avropa Elmi Cəmiyyətinin və Avropa Təbii Elmlər Akademiyasının Prezidiumunun birgə qərarı ilə (Hannover- Almaniya) Azərbaycan Mədəniyyətinə bəxş etdiyi töhfələrə, humanizm və xalqa xidmətinə görə Röya Tağıyeva Avropa Təbii Elmlər Akademiyasının üzvü seçilib və akademiyanın “Dostluq Ordeni” ilə təltif olunub.
Qeyd edək ki, Röya Tağıyevanın Azərbaycan mədəni irsinin tədqiqatında, təbliğatında, qorunmasında və dünyaya inteqrasiya olunmasında əvəzsiz rolu var. Röya Tağıyeva təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin inkişafına töhfələr vermək yönündə fəaliyyətini bu gün də var gücü ilə davam etdirməkdədir. Belə ki, bu sahədəki xidmətlərini o, xalqına, millətinə, heyranı olduğu milli irsə həsr edib.
Onun Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Azərbaycan süjetli xalçalar” kitabı, eləcə də yeni işıq üzü görmüş ” Azərbaycan Xalçası ensiklopediyasi” kitabları mədəni irsimizin yaşamasında və gələcək nəsillərə doğru, dürüst çatdırılmasında əvəz olunmaz əsərlərdir.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Röya Tağıyevanın Azərbaycan və dünya mədəniyyətinin inkişafına yönəlik xidmətləri daim diqqət mərkəzində olub və hər zaman istər ölkə rəhbərliyi, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.


Gununsesi.info












