“Rusiya danışıqlar masasında üstün görünmək üçün tələblərini genişləndirir” -ŞƏRH

Ukraynadakı müharibənin dayandırılması istiqamətində ABŞ ilə Rusiya arasında yeni danışıqların aparılması gözlənilir.

Bu barədə Gununsesi.info “Bloomberg” -ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkof Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırlar.

Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Rusiya gözlənilən görüş ərəfəsində danışıqların şərtlərini maksimum səviyyədə sərtləşdirərək yeniləyir:

“Moskva Donetsk, Luqansk, Zaporojye və Xersonla yanaşı, artıq Xarkov, Nikolayev və Dnepropetrovsk vilayətlərinə də iddialarını irəli sürür.

Yanvarın 14-də Rusiya xarici işlər naziri Sergey Lavrov bu ərazilərlə bağlı Rusiyanın tələblərinə yenidən “Novorossiya” adı altında istinad edib. Krımın taleyi isə həm Avropanın sülh konsepsiyasında, həm də ABŞ-nin planlarında Ukrayna üçün müsbət perspektiv vəd etmir.

Bu yanaşma Rusiyanın danışıqlar masasında daha güclü və üstün görünmək cəhdidir. Ehtimallara görə, Kreml Rusiyanın tələblərinin ABŞ-nin təklif etdiyi 28 bəndlik planda əks olunanlardan daha geniş olduğunu nümayiş etdirməklə danışıqlardan daha mənfəətli çıxmağı hədəfləyir və ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatlar fonunda Kremlin qarşısına çıxan riskləri isə Ukrayna üzərindən kompensasiya etməyə çalışır”.

Aqşin Kərimov daha bir məqama da toxunaraq bildirib ki, bu, Donald Trampın Qrenlandiyanı ilhaq etmək planı ilə bağlıdır.

Onun sözlərinə görə, ABŞ ilə Rusiya arasında razılıq əldə olunacağı təqdirdə, növbəti bazarlıq meydançasının Qrenlandiyadakı sərvətlərin bölüşdürülməsi üzərində qurulacağı istisna edilmir.

 

Şəbnəm

Gununsesi.info