Rusiya ilə məsələ həll olunmadan ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində ciddi dəyişiklik  gözləmirəm -Qubad İbadoğlu (Müsahibə)

  • By admin
  • 12 Noyabr 2016 13:22
qubad
 
Donald Trampın Amerikanın prezident seçilməsi dünya iqtisadiyyatına, xüsusən də dollara təsiri ilə bağlı ekspertləri ciddi düşündürür. İndi əksər Azərbaycan vətəndaşını Trampın prezident seçildikdən sonra dolların taleyi necə olacağı məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə hansı təsiri olacağı və Azərbaycan-ABŞ münasibətləri  hansı məcrada inkişaf edəcəyi düşündürür.
Bu məsələləri nəzərə alaraq Gununsesi.info Demokratiya və Rifah Hərəkatının rəhbəri, Amerika cəmiyyətini az da olsa yaxından tanıyan iqtisadçı alim Qubad İbadoğlu ilə müsahibəsini təqdim edir:
-Qubad bəy, Donald Trampın prezident seçilməsindən sonra dünya iqtisadiyyatında  hansısa kataklizmlər ola bilərmi?
-Hələ ki, ortada Donald Trampın bəyantları və çıxışları var. Bundan kənar hər hansı  ziyanlı bir şey olacağını gözləmirəm.
-Axı, o seçiləndən sonra dünya birjalarında  müəyyən ajiotaj  yaşandı. Bundan sonra proseslər necə inkişaf edəcək?
– Artıq dünya birjalarındakı problemlər aradan qalxıb. Proseslər  yoluna düşüb. Mən baş verən prosesləri yaxından izləyirəm.
Qaldı ki, Trampın prezident seçiləndən sonra  birjalarda yaranan ajiotaja, bu  gözlənilən hadisə idi. Çünki vəziyyət aydın deyildi. O zaman müəyyən dəyişikliklər gözlənilirdi və indi həmən məsələlər demək olar ki, aradan qalxıb.
-Hesab edirsiz ki, proseslər əvvəlki məcrada  davam edəcək?
-Yaxın zamanlarda  elə ciddi dəyişiklik gözlənilmir.
-Seçki öncəsi “Facebook” səhifəsində Trampın seçiləcəyi təqdirdə, Amerikanın sonuncu prezidenti olacağı barədə bir fikri paylaşmışdınız. Tramp Amerikanın sonuncu prezidenti olacağı ilə bağlı fikirlərə mövqeyinizi bilmək istərdik?
– Həmən fikir mənim deyil, Amerikada yayılmışdı və mən də, onu xatrılatmışdım. Təbii ki, bu da Amerika cəmiyyətindəki müəyyən bir qism insanın Trampa qarşı olan münasibətin göstəricisi idi.  Elmi dairələrdə çalışan insanlar onu sevmirdi. Ona görə də, bu adamlar Trampla bağlı mövqeyini bu cür ortaya qoyurdular. Onlar hesab edirdilər ki, Trampın idarə etməsindən Amerika ziyan çəkəcək.
-Artıq Tramp prezident seçilib. Gözləntiləriniz nədir? 
-Amerikanın siyasətində ciddi dəyişikliklərin olacağını  gözləmirəm. ABŞ Konqresi və Senatında Respublikaçılar çoxluq təşkil edirlər. O baxımdan Donald Tramp  Respublikaçıların əvvəlcədən başlatdığı siyasi kursu bundan sonra da,  davam etdirəcək.  Amma bununla belə müəyyən fərqliliklər ola bilər və bu istisna deyil. Ola bilsin ki, Trampın çıxışları və bəyanatları Respublikaçıların mövqeyi ilə üst-üstə düşməsin və fərqliliklər olsun. Lakin onun bu  yanaşmaları isə bütövlükdə Amerikanın siyasətinə təsir etməyəcək. Hesab edirəm ki, Rusiya, İran məsələsində Demokaratların apardığı siyasəti davam etdirəcək.
Bəs Trampın prezidentliyi dövründə Ağ Evin Cənubi Qafqaz və Azərbaycanla bağlı siysətində hansısa dəyişiklik gözlənilirmi? 
-Azərbaycan, ümumiyyətlə Cənubi Qafqazla bağlı elə də ciddi dəyişikliklərin olacağını gözləmirəm. Bu gün bu bölgə Ağ Evin gündəliyində olan ciddi  məsələlər sırasında deyil. Dünyanın digər bölgələrində yetərincə  ciddi problemlərin mövcud olduğu bir zamanda Ağ Ev bu bölgənin məsələləri ön sırada deyil.  Ağ Evi indi daha ciddi əndişələndirən məsələ Rusiya, İran, Türkiyə və Yaxın Şərqdəki məsələlərdir. Tramp da bu məsələlərlə məşğul olacaq. Biz ancaq birbaşa təsirlərdən deyil, dolayı təsirlərdən danışa bilərik. Sadaladığımız problemlər çözülmədən  Ağ Evin Cənubi Qafqaz və Azərbaycanla bağlı birbaşa siysətindən danışmaq hələ tezdir.
Yəni hesab edirsiz ki, Yaxın Şəqrdəki problemlər, ABŞ-Rusiya münasibətləri həll olunmadan Ağ Evin Cənubi Qafqazdakı problemlərlı yaxından məşğul olmasını gözləməyə dəyməz?
-Bəli. Mən elə düşünürəm.
Mürtəza Bünyadlı
Gununsesi.info