Səfir: “Ermənistanın gələcəyi qonşu dövlətlərlə normal münasibətlər qurmasından asılıdır”

  • By admin
  • 09 İyul 2016 10:43

elin

 

Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqton Hökumətlərarası Professional Qrupu təşkilatının (Washington Intergovernmental Professional Group, LLC) üzvləri ilə görüş keçirilib. Gununsesi.info-nun məlumatına görə, təşkilatın prezidenti Nelson Qarsia rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ABŞ-ın dövlət qurumları və özəl sektorlarında çalışan əməkdaşları ilə xarici ölkələrin Vaşinqton şəhərində yerləşən diplomatik nümayəndəliklərinin üzvləri arasında əlaqələrin qurulması olduğunu qeyd edib.

Səfir Elin Süleymanov qeyd edib ki, Azərbaycan 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika qurub və dinindən, etnik kimliyindən və cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqlar verib. Səfir Azərbaycanın hələ ABŞ-dan daha öncə qadınlara seçki hüququnu verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin ABŞ-ı terrorizmə qarşı mübarizədə dəstəkləyən ilk dövlətlərdən olduğunu vurğulayan səfir Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Varşava Sammitində iştirakı çərçivəsində ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə görüşlərindən danışaraq, Azərbaycanın dünyanın qaynar nöqtələrində sülhün bərqərar olunmasında maraqlı olduğunu söyləyib.

Səfir eyni zamanda dünyada radikalizm və ekstremizmin artması fonunda Azərbaycanın müasir, əhalisinin əksəriyyətinin müsəlman olduğu dünyəvi və proqressiv dövlət qurduğunu bildirib, E.Süleymanov Azərbaycanda etnik, dini və cinsi baxəmdan heç kimə qarşı ayrıseçkiliyin olmadığını da deyib: “Bu baxımdan Azərbaycan təcrübəsinin beynəlxalq ictimaiyyət qarşısında dayanan bir çox çətinliklərə cavab axtarışında faydalı ola bilər. Belə ki, dünya səviyyəli mədəni və idman tədbirlərinin Azərbaycanda keçirilməsi, ölkəmizi dünyada sülh və dialoqun məkanına çevirib. Müasir İpək Yolu işə düşdüyü zaman Çindən Avropaya yüklərin cəmi 14 günə daşınması mümkün olacaq”-, deyə o bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir qeyd edib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın 20% ərazisini işğal edib. O, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın münaqişənin həllində oynadığı müsbət rolu Azərbaycanın yüksək qiymətləndirdiyini bildirib.

Çıxışının sonunda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.

Gülnaz Qənbərli